Aİ-dən 90 milyardlıq dəstək: Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Kreml qələbə planı pozuldu, amma müharibə bitməkdən uzaqdır
26 Aprel 2026
Avropa İttifaqı Ukraynaya vəd olunan 90 milyard avro həcmində krediti, eləcə də Rusiyaya qarşı yeni sanksiyalar paketini rəsmi şəkildə təsdiqləyib.
“Azadlıq Radiosu”nun Ukrayna xidməti yazır ki, Kiyevə əlavə maliyyə yardımının ayrılması üçün zəruri olan Aİ büdcəsində dəyişikliklər və Moskvaya qarşı 20-ci sanksiyalar paketi Aİ Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Ukrayna prezidenti Volodimir Zelenski isə Kiprə səfər edərək Avropa İttifaqının sammitində iştirak edib. Zelenski daha əvvəl qeyd edib ki, Ukrayna kreditin ilk tranşını mayın sonu – iyunun əvvəlinədək almağa ümid edir. Bu vəsait orduya, silah istehsalına və vətəndaşların dəstəklənməsinə yönəldiləcək.
“Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Aİ-nin strategiyasının iki sütunu var: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün hər iki istiqamətdə irəliləyiş əldə etdik”, – Avropa Şurasının sədri Antoniu Koşta X platformasında paylaşımında bildirib.
Ortaya suallar çıxır: Aİ-nin bu qərarı müharibənin gedişatını köklü şəkildə dəyişə bilərmi? Təcavüzkar Rusiyanın Ukrayna ərazilərindən çıxarılması üçün real şans yaranıbmı? Və bu baş verərsə, Putin postsovet məkanında hansısa başqa ölkəyə qarşı yeni müharibəyə başlaya bilərmi?
Pressklub.az-ın suallarına cavab verən Ukraynanın “Penta” Siyasi Araşdırmalar Mərkəzinin direktoru Volodimir Fesenkonun fikrincə, bu kredit Ukraynaya Rusiyaya qarşı ən azı daha iki il – 2026 və 2027-ci illərdə davam gətirməyə imkan verəcək.

“Avropa İttifaqının maliyyə yardımı məhz bu dövr üçün nəzərdə tutulub. Bu isə Kremlin planlarını pozur. Moskva hesab edirdi ki, Trampın prezidentliyi dövründə ABŞ-dan maliyyə və hərbi dəstək azalarsa, Ukrayna tez bir zamanda müharibəni uduzacaq. Bu, ötən il baş vermədi və indi artıq aydındır ki, yaxın iki ildə də baş verməyəcək. Ola bilsin ki, bu, müharibənin kompromis variantda başa çatmasına – mövcud cəbhə xətti üzrə hərbi əməliyyatların dayandırılmasına yaxınlaşdırsın.
Lakin təəssüf ki, bunun müharibənin gedişatını köklü şəkildə dəyişəcəyini demək üçün əsas yoxdur. Ekspert qiymətləndirmələrinə görə, Rusiya ötən il Ukraynaya qarşı müharibəyə (ümumilikdə təhlükəsizlik sektoruna) 160–170 milyard dollar xərcləyib. Bu il də oxşar xərclər planlaşdırılır. Aİ-nin maliyyə yardımını illik hesabladıqda isə bu təxminən 45 milyard avro, yəni indiki məzənnə ilə 48 milyard dollar edir. Bunun da üçdə ikisi – təxminən 32 milyard dollar – Ukraynanın müdafiə ehtiyaclarına yönəldiləcək. Bu isə Rusiyanın müharibəyə ayırdığı vəsaitdən təxminən beş dəfə azdır. Üstəlik, Rusiyanın səfərbərlik potensialı da Ukraynadan bir neçə dəfə böyükdür.
Məhz buna görə də Aİ-nin yardımı müharibənin gedişatını radikal şəkildə dəyişəcək amil kimi qiymətləndirilə bilməz”, – tədqiqatçı bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar məsələsində də oxşar vəziyyət mövcuddur.
“Bu, Aİ-nin Rusiyaya qarşı artıq 20-ci sanksiya paketidir. Qərb sanksiyaları Rusiya iqtisadiyyatını zəiflədir və bu artıq hiss olunmağa başlayıb. Lakin bu sanksiyalar iqtisadiyyatın çökməsinə səbəb olmur. Beynəlxalq sanksiyalar nə Şimali Koreyanı, nə də İranı çökdürə bilib. Üstəlik, Rusiyaya qarşı sanksiyalar dünyanın bir çox ölkələri, o cümlədən Çin tərəfindən dəstəklənmir. Bu da onların effektini xeyli azaldır. Trampın ziddiyyətli və qeyri-ardıcıl siyasəti də bu təsiri daha da zəiflədir.
Buna baxmayaraq, Ukrayna Rusiyanın hərbi təzyiqini saxlaya bilir və şübhəsiz ki, Aİ-nin yardımı bu müqavimət potensialını gücləndirəcək.
Ukrayna ərazilərindən işğalçının çıxarılması ilə bağlı suala gəldikdə, hazırda bunun üçün obyektiv şərtlər mövcud deyil.
Digər tərəfdən, Putin təkcə postsovet məkanındakı ölkələrə deyil, həm də Aİ və NATO üzvü olan qonşu dövlətlərə qarşı da müharibə başlada bilər. Lakin bu, böyük ehtimalla yalnız Ukrayna ilə müharibə başa çatdıqdan sonra və yalnız Putin NATO və Aİ-nin Rusiyaya müqavimət göstərməyəcəyinə əmin olduğu halda mümkün ola bilər”, – Fesenko yekunlaşdırıb.
Rauf Orucov