"Belə niyyətim yoxdur" demişdi... Yenidən seçkilərə qatılır
08 İyul 2026
Qazaxıstan Konstitusiya Məhkəməsinin qərarına əsasən, ölkənin yeni Konstitusiyası prezident Kasım-Jomart Tokayevə növbəti seçkilərdə namizədliyini yenidən irəli sürmək hüququ verir.
Məhkəmə izah edib ki, yeni Konstitusiyadakı məhdudiyyətlər yalnız bu qanun qüvvəyə mindikdən sonrakı seçilmə və ya təyinat hallarına şamil olunur. Başqa sözlə, 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdəki vəzifə müddətləri və seçilmə faktları hazırda nəzərə alınmır: "1995-ci il Konstitusiyasına əsasən müvafiq vəzifələri tutan şəxslər 2026-cı il Konstitusiyası qüvvəyə mindikdən sonra həmin vəzifələrə yenidən seçilə və ya təyin edilə bilərlər".
Bu ilin martında keçirilən referendumda qəbul edilmiş yeni Konstitusiya iyulun 1-dən qüvvəyə minib. Yeni redaksiyaya əsasən, prezident 7 il müddətinə seçilir və eyni şəxsin birdən artıq dövlət başçısı olması qadağandır.
Halbuki dörd il əvvəl — 2022-ci ilin iyulunda Tokayev referendum vasitəsilə səlahiyyət müddətini uzatmaq niyyətində olmadığını bildirmişdi. O, "Həm ölkə daxilində, həm də xaricdə mənə tez-tez sual verirlər: hazırkı dövlət başçısı referendumla səlahiyyətlərini uzatmaq, yəni prezidentlik müddətini sıfırlamaq istəyirmi? Cavabım birdir: belə bir niyyətim olmayıb və heç vaxt olmayacaq", — deyə vəd vermişdi.
Tokayev 2019-cu ilin martında, ölkənin ilk prezidenti Nursultan Nazarbayev istefa verdikdən sonra dövlət başçısı postuna keçib və ardınca keçirilən seçkilərdə qalib gəlib. 2022-ci ilin noyabrındakı növbəti seçkilərdə isə o, 7 illik müddətə yenidən prezident seçilib.