Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan məktəblərində hicab söz-söhbətləri...

Sumqayıtdakı 15 saylı tam orta məktəbdə hicablı şagirdlərin məktəbə buraxılmadığı bildirilir.

"18 yaşına çatmamış uşağı məktəbdən qovdular. Uşaq çöldə qalmışdı". Bunu valideyn Sevinc Rzayevə AzadlıqRadiosuna müsahibəsində deyib.

"Bizə deyilir ki, ya başınızı açın, ya da..."

O əlavə edib ki, məktəb rəhbərliyi qızının dərsə buraxılmaması ilə bağlı rəsmi bildiriş verməkdən də imtina edib: "Konstitusiyanın 42-ci maddəsinə əsasən, bizim təhsil haqqımız var. Amma dini inancımıza görə uşaqlarımız, övladlarımız məktəbə buraxılmır. Çıxış yolu kimi bizə deyilir ki, ya başınızı açın, ya da məktəbə çatanda başınızı açıb girin içəri, dərsinizi oxuyun, sonra başınızı bağlayıb çıxın çölə. Biz regional təhsil idarəsinə müraciət etdik, onlar deyir ki, məktəbdaxili qərardır. Məktəb deyir ki, "bizlik deyil, yuxarıdan verilən əmrdir". Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edirik, onlar da bizi regional təhsil idarəsinə yönləndirirlər".

S.Rzayevə əlavə edir ki, bu problemlə təxminən bir ay öncə, martın 12-dən üzləşiblər.

Azərbaycanın bir çox bölgələrindən hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı xəbərlər yayılır. Bu, martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumundan sonraya təsadüf edir. O zaman dörd nəfərin xəsarət aldığı hücuma görə prezident Əliyev İranı günahlandırmışdı. İran rəsmiləri isə hücumda əllərinin olmadığını bəyan edərək məsələnin araşdırılacağını vurğulayıblar.

Lakin hicabla bağlı məktəblərdə qadağanın qoyulması ilə bağlı şikayətlər Azərbaycanda əvvəlki illərdə də eşidilib.

14 il əvvəl...

Hətta 2012-ci ilin oktyabrında hicabla bağlı Bakıda Təhsil Nazirliyinin önündə razılaşdırılmamış aksiya da keçirilmiş və polislə qarşıdurma yaşanmışdı. Sonradan həmin hadisələrlə bağlı həbs edilənlər də oldu.

Son şikayətlərə isə Elim və Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

"Azərbaycanla İran arasında münasibətlər korlananda..."

Hüquq müdafiəçisi Arif Yunus deyir ki, Azərbaycanla İran arasında münasibətlər korlananda, yaxud dövlətlərarası münasibətlərdə gərginlik yarananda həmişə ya həbslər, ya da bu tipli qadağalar olur: "Azərbaycan-İran münasibətləri ilə yanaşı, burada ABŞ faktoru da rol oynayır. Azərbaycan hakimiyyəti göstərmək istəyir ki, İranla bağlı tədbirlər görür. Həbslər aparır. Hicab məsələsində də özünü daha sərt aparır".

A.Yunus hesab edir ki, İranla münasibətlər düzəlsə, hicab qadağası da yaddan çıxacaq.

"Daha çox yönləndirilmiş davranış kimi qiymətləndirilə bilər"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova deyir ki, hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı müzakirələr emosiyalarla hüququn, fərdi seçimlə ictimai qaydanın toqquşduğu məqamlardandır. Deputat "Təhsil haqqında" Qanunda forma məsələsinin vurğulanmasını təsadüfi saymır, bunun sosial bərabərliyin, neytrallığın və vahid mühitin təminatı olduğunu deyir.

Deputat hesab edir ki, burada ən mühüm nüanslardan biri yaş faktorudur, uşaqlar formalaşma mərhələsindədir: "Onların dünyagörüşü, seçimləri və qərarları çox vaxt ailənin, mühitin təsiri ilə müəyyən olunur. Bu səbəbdən dini simvolların, o cümlədən hicabın məktəb yaşında tətbiqi şəxsi seçim kimi deyil, daha çox yönləndirilmiş davranış kimi qiymətləndirilə bilər. Heç kim inkar etmir ki, hər kəsin dini inanc azadlığı var. Amma bu azadlıq da müəyyən yaşdan sonra – fərdin öz seçimlərini dərk edə bildiyi mərhələdə daha məntiqli və əsaslı şəkildə həyata keçirilsə, daha məqsədəuyğun məzmun daşıyar".

Deputat Azərbaycanda bu məsələnin yenidən aktuallaşmasını təsadüfi saymır, qloballaşan dünyada müxtəlif təsirlərin, fərqli ideoloji axınların daha sürətlə yayıldığını deyir. O, sosial şəbəkələrdə hər bir fərdi hadisənin ictimai debat predmetinə çevrildiyini, bunun isə cəmiyyətdə mövqelərin sərtləşməsinə səbəb olduğunu vurğulayır.

E.Akimovanin fikrincə, hicabın məktəb mühitində məhdudlaşdırılması qadağa deyil, qoruyucu tədbir kimi dəyərləndirilməlidir: "Bu, uşağın seçim azadlığını əlindən almaq deyil – əksinə, onu vaxtından əvvəl verilən qərarların təsirindən qorumaqdır. Çünki sabah o uşaq böyüyəcək, düşünəcək, öz seçimini edib azad qərar verəcək".

Bilərkdən buraxılmış boşluq?

Azərbaycanda məktəblilərin daxili nizamnaməsində bütün şagirdlərin dərsə vahid məktəbli formasında gəlməsi tələbi var. Amma tələblərdə hicabla bağlı heç bir qeyd yoxdur.

Bəzi ekspertlər bunu "bilərəkdən buraxılmış boşluq" kimi dəyərləndirirlər.