Əsədin çöküşündən bir il sonra: İran Suriyaya qayıda bilərmi
10 Dekabr 2025
Mənbə: Azadlıq Radiosu
Suriya prezidenti Bəşər əl-Əsədin ötən il devrilməsi Yaxın Şərqdə əks-səda verdi, özəlliklə də onun ən yaxın müttəfiqi İranda.
Əsədin süqutu İrana böyük zərbə idi. Axı Tehran Suriyadan regional təsirini genişləndirmək, ən böyük rəqibi İsrailə qarşı vuruşan silahlı qruplara silah ötürmək üçün istifadə edirdi.
2024-cü il dekabrın 8-də Əsəd devrildi. Üstündən bir il keçir, İran hələ də Suriyadakı strateji məğlubiyyətinin fəsadları ilə çabalayır. İslam Respublikası Suriyada nüfuzunu bərpa etməyə çalışır. Amma ekspertlər Tehranın əvvəlki mövqelərə qayıdışını real saymırlar.
Əsədin devrilməsi ilə İran Aralıq dənizindəki yeganə öncül bazasını itirdi. Dəməşqi ayaqda saxlamaq üçün xərclədiyi milyardlar puça getdi. Bunu Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Şurasının direktoru Rami Əbdülrəhman deyir.
"Başqa sözlə, İran regionda təsir dairəsini genişləndirmişdi, indi yenidən öz təbii sərhədlərinə qayıdıb", – Əbdülrəhman AzadlıqRadiosunun fars xidmətinə bildirib.
20112020-ci illərdə, Suriyada vətəndaş müharibəsi başlayandan İran Əsəd hökumətini dəstəkləməyə təxminən 30-50 milyard dollar xərcləyib.
Tehran regionun müxtəlif yerlərindən on minlərlə şiə döyüşçüyə təlim keçib silahlandırıb, Əsədi müdafiə etmək üçün Suriyaya göndərib. İran özünün yüzlərlə hərbi qulluqçusunu da Suriyaya yollayıb.
Bütün bunlar Suriyanın İran üçün əhəmiyyətini göstərirdi. Əsədin hakimiyyəti dövründə Suriya Tehranın bölgədəki "müqavimət oxu"nun - əlaltılar şəbəkəsinin təməl daşlarından idi.
Suriya bu alyansda yeganə dövlət idi; alyansın digər əsas üzvü Tehranın ən önəmli və güclü proksi qüvvəsi Livanın "Hizbullah" təşkilatıdır. Suriya "Hizbullah" üçün əsas təchizat marşrutu idi, Əsədin devrilməsi ilə bu dəhliz bağlandı.

Dəməşqdə Suriyanın keçmiş prezidenti Bəşər əl-Əsəd və İranın ali lideri Əli Xamenei arasında görüşü əks etdirən cırılmış plakat.
Barışığa gedən yol asan deyil
Əsədin devrilməsindən az sonra İranın ali lideri Əli Xamenei suriyalılara yeni hakimiyyətə qarşı ayağa qalxmağı çağırdı. Bu açıqlamalar İranın Suriyaya müdaxilə cəhdi kimi qiymətləndirildi.
Martda Suriyanın qərbində məzhəb zorakılığı alovlananda da bəziləri Tehranı gərginliyi qızışdırmaqda suçladı. Toqquşmalarda iştirak edən bir neçə şiə silahlı liderinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim keçdiyi bildirilirdi.
Ekspertlər deyirlər ki, İran Suriyada ölkədə yenidən möhkəmlənməyə çalışır, bundan ötrü məzhəb zorakılığından, Suriyanın müvəqqəti prezidenti Əhməd əs-Şaraaya sadiq qüvvələrin törətdiyi iddia edilən vəhşiliklərdən yararlanır.
Mütəxəssislərə görə, İran daha çox yerli döyüşçüləri, proksi komandirləri yetişdirməyə üstünlük verəcək, nəinki açıq şəkildə öz qüvvələrini yerləşdirməyə.
"İslam Respublikasının fəaliyyətləri ilə bağlı sənədləşdirilmiş hesabatlar yoxdur, amma müxtəlif media qurumları Tehranın Suriyada özünə sadiq qüvvələri yenidən qurmaq cəhdlərindən yazıb", – İspaniyada yaşayan Yaxın Şərq üzrə ekspert Əta Məhəmməd-Təbriz bildirir.
"İslam Respublikasının əs-Şaraa əleyhdarı qüvvələrlə əməkdaşlıq etməyə, onların səsini eşitdirməyə çalışdığını da görürük", – o əlavə edir.
Bu arada İranın Rusiyaya yönəldiyi haqda məlumatlar yayılıb. Moskva əs-Şaraa ilə münasibətlər qura bilib, Tehrana da yeni hökumətlə əlaqə yaratmağa kömək edə bilər.
Əbdülrəhman isə İranın geriyə yolu qalmadığına inanır.
"İranın Suriyada yenidən qəbul edilməsinə şans qalmayıb, nə hökumət səviyyəsində, nə xalq arasında, hətta ələvilər içində belə. Ələvilər hazırda İranı daha çox tənqid edirlər", – o söyləyir.
Ələvilər şiə islamının qoludur, Əsəd və onun tərəfdarlarının çoxu bu məzhəbdəndir. İran da əsasən şiə ölkəsidir və özünü bu məzhəbin qoruyucusu kimi göstərir.

Uzun müddət hakimiyyətdə olan Bəşər əl-Əsədin devrilməsinin ildönümü münasibətilə Suriyanın paytaxtı Dəməşqdə hərbi parad.
Əş-Şaraa nə deyir
Suriyanın müvəqqəti prezidenti Tehranla əlaqələri tamamilə kəsməyib. Amma İran vətəndaşlarının ölkəyə girişi yasaqlanan iki dövlətdən biridir.
Əş-Şaraa dövlət televiziyasına son müsahibəsində İranla münasibətlərdən danışıb. O deyib ki, Tehran Suriya vətəndaşlarının yaddaşında "dərin yara" açıb, İranın vətəndaş müharibəsində Əsədi dəstəkləməsinə işarə vurub.
"Amma İranla münasibətlərin həmişəlik kəsiləcəyini demirik. Elə bir mərhələyə çatarıq ki, Suriyaya hörmət qoyular, onun daxili işlərinə müdaxilə olunmaz, məzhəb gərginliyi qızışdırılmaz. O zaman münasibət qurarıq", – o vurğulayıb.
Hazırda Suriyanın xarici siyasətinin əsas cizgilərini bu dinamika müəyyənləşdirir. İrandan uzaqlaşandan Dəməşqə bir çox beynəlxalq sanksiyalar qaldırılıb. Bu da müharibədən dağılan ölkəyə xarici investisiyaların yolunu açıb.
Yeni Suriya hökuməti bu uğurları qorumağa qərarlıdır. Tehranla münasibətlərin bərpası isə İranın xarici siyasətində əsaslı dəyişikliklər tələb edəcək. Ekspertlərin fikrincə, hazırkı İran rəhbərliyi dövründə belə dəyişikliklər real görünmür.