55 il əvvəlki faciə: 150 km yüksəklikdə nə baş vermişdi?
Kosmik uçuşların tarixini dəyişən hadisənin günahkarı kim idi
12 İyul 2026
30 iyun tarixində sovet (və təkcə sovet deyil) kosmonavtikası tarixinin ən böyük faciəsindən 55 il ötdü. Həmin gün “Soyuz-11” gəmisinin Yerə qayıdışı zamanı baş verən nasazlıq nəticəsində üç nəfərdən ibarət bütün heyət həlak oldu. Burada bir mühüm məqamı da qeyd etmək lazımdır: uçuşu həyata keçirən heyət ehtiyat ekipaj idi, missiyaya tamamilə başqa kosmonavtlar göndərilməli idi. Həmin gün nələrin baş verdiyini, nəyin səhv getdiyini və faciənin səbəbi kimi nəyin göstərildiyini xatırlayaq.
“Salyut” stansiyası və “Soyuz” gəmiləri
1971-ci il aprelin 19-da Yer orbitinə dünyanın ilk uzunmüddətli orbital stansiyası – “Salyut-1” çıxarıldı. Qabaqcadan qeyd edək ki, stansiya Yerətrafı orbitdə ümumilikdə 175 sutka qaldı və bunun 23 sutkasında kosmonavt heyəti burada çalışdı. Onları stansiyaya “Vostok” və “Vosxod” gəmilərini əvəz edən “Soyuz” seriyasından kosmik gəmi çatdırmışdı.
Əslində, “Soyuz” gəmilərinin yaradılması üzərində hələ 1960-cı illərdən düşünməyə başlamışdılar. O dövrdə hesab edilirdi ki, bu tip kosmik gəmilər Ay ətrafında pilotlu uçuş proqramında istifadə olunacaq. Həmin proqram sonradan bağlansa da, "Soyuz" layihəsindən – müəyyən dəyişikliklərlə olsa da – imtina edilmədi.
Beləliklə, 1967-ci ildə 7K-OK tipli gəminin (başqa adı ilə “Soyuz-1”) ilk pilotlu uçuşu baş tutdu. Lakin bu uçuş faciə ilə nəticələndi: kosmonavt Vladimir Komarov həlak oldu.
Bu hadisədən sonra kosmik gəminin konstruksiyası, təbii ki, ciddi şəkildə yenidən işlənildi. 7K-T işçi adı ilə hazırlanan təkmilləşdirilmiş modifikasiya, məsələn, xüsusi keçid lyuku ilə təchiz edilmişdi və üç kosmonavtı daşıya bilirdi, ancaq bir şərtlə: içəridə tam skafandr geyinməməli idilər. Məhz bu məqam sonradan həlledici rol oynayacaq.
.jpg)
7K-T tipli gəminin ilk pilotlu uçuşu –“Soyuz-10” – 1971-ci il aprelin 23-də, "Salyut-1"in orbitə çıxarılmasından bir neçə gün sonra həyata keçirildi. Lakin uçuş zamanı aşkar edilən nasazlıqlar səbəbindən kosmonavtlar stansiyaya daxil ola bilmədilər. Rəhbərlik risk etməmək qərarına gəldi və heyətin Yerə qayıtması əmri verildi. İki gün sonra gəmi uğurla geri döndü və yenidən təkmilləşdirilməyə göndərildi. Bu dəfə tamamlamalar əvvəlkilər qədər geniş olmasa da, yenə də müəyyən düzəlişlər edildi.
Ehtiyat ekipaj
“Soyuz-10”-un kosmonavtları yuxarıda qeyd olunan birləşmə qurğusunun zədələnməsi səbəbindən "Salyut"a daxil ola bilməmişdilər. İyun ayına planlaşdırılan “Soyuz-11” uçuşunda bu qüsur artıq aradan qaldırılmışdı.
Missiyanın əsas ekipajına komandir Aleksey Leonov, bort mühəndisi Valeri Kubasov və tədqiqatçı mühəndis Pyotr Kolodin daxil idi. Lakin Kubasovda ağciyər xəstəliyinə şübhə yarandığı üçün (sonradan bunun allergiya olduğu bilindi) bütün ekipaj uçuşdan kənarlaşdırıldı və onları ehtiyat heyət əvəz etdi.
.jpg)
Bu qərar isə mübahisəsiz ötüşmədi. Mənbələrin bildirdiyinə görə, buna qədər ekspedisiyanın bütün heyətinin birdəfəlik dəyişdirilməsi presedenti olmamışdı. İddialara görə, bu hadisə əsas və ehtiyat heyətlər arasında münasibətlərin korlanmasına səbəb oldu.
Nəticədə, stansiyaya komandir Georgi Dobrovolski, bort mühəndisləri Vladislav Volkov və Viktor Patsayevdən ibarət ehtiyat heyət göndərildi. Burada mühüm bir məqamı da qeyd etmək lazımdır: Volkov istisna olmaqla, digər iki kosmonavt üçün bu, ilk kosmik uçuş idi.
.jpg)
Ekspedisiyanın proqramı üç həftəlik müddət üçün hesablanmışdı. Əsas vəzifə “Salyut” stansiyası ilə uğurla birləşmək və onun daxilində bir sıra elmi təcrübələr aparmaq idi. Faktiki olaraq da hər şey plana uyğun getdi: “Soyuz-11” 1971-ci il iyunun 6-da Baykonur kosmodromundan havaya qalxdı və ertəsi gün orbital stansiya ilə uğurla birləşdi.
Nə və nə vaxt səhv getdi?
Kosmonavtlar orbital stansiyada 23 gün 18 saat 21 dəqiqə qaldılar və Yerdə hazırlanmış proqramı tam yerinə yetirdilər. Artıq Yerə qayıtmağın vaxtı çatmışdı.
1971-ci il iyunun 29-da, Moskva vaxtı ilə saat 21:28-də “Soyuz-11” gəmisi “Salyut” stansiyasından ayrıldı. Həmin anda gəminin bütün sistemləri normal rejimdə işləyirdi. İyunun 30-da saat “01:10-da” “Soyuz”un Yerə istiqamətləndirilməsi sistemi işə salındı, mühərriklər nəzərdə tutulmuş müddətdə işlədilər və ekipaj bütün hərəkətləri barədə Uçuşların İdarəetmə Mərkəzinə müntəzəm məlumat verirdi.
Aşağıda “Soyuz-11” ekspedisiyasının heyəti ilə aparılan və sonradan məxfiliyi götürülən radio danışığından bir parça təqdim olunur. Yerin çağırış siqnalı “Zarya”, ekipajınkı isə “Yantar” idi (“Yantar-1” – Georgi Dobrovolski, “Yantar-2” – Vladislav Volkov, “Yantar-3” – Viktor Patsayev).
Zarya: İstiqamətləndirmə necə gedir?
Yantar-2: Yeri gördük, gördük!
Zarya: Yaxşı, tələsmə.
Yantar-2: İstiqamətləndirməyə başladıq. Sağ tərəfdə yağış görünür.
Yantar-2: Əla uçur, çox gözəldir!
Yantar-3: Zarya, üçüncüyəm. Üfüqü illüminatorun aşağı kənarı boyunca görürəm.
Zarya: Yantar, bir daha xatırladıram: istiqamətləndirmə sıfır – 180 dərəcə.
Yantar-2: Sıfır – 180 dərəcə.
Zarya: Düz başa düşdünüz.
Yantar-2: “Eniş” göstəricisinin işığı yanır.
Zarya: Qoy yansın. Hər şey əladır. Düz edir yanır. Əlaqəni bitiririk. Uğurlar!
Lakin eniş aparatının cihaz və orbital bölmələrdən ayrıldığı anda, təxminən 150 kilometr yüksəklikdə “Soyuz-11” ilə əlaqə qəfil kəsildi.
Buna baxmayaraq, telemetriya məlumatları göstərirdi ki, eniş aparatı atmosferin sıx qatlarına normal rejimdə daxil olub. Paraşüt sistemi də nəzərdə tutulduğu kimi işləyib. Eyni sözləri yumşaq eniş mühərrikləri haqqında da demək olar. Bir sözlə, aparat əvvəlcədən müəyyən edilmiş rayona sübh çağı uğurla eniş etdi.
Az sonra hadisə yerinə çatan axtarış qrupu eniş aparatını açdıqda, hər üç kosmonavtı öz oturacaqlarında tapdı. Lakin onların heç birində həyat əlaməti yox idi.
Faciənin səbəbi
Məhkəmə-tibb ekspertizasının nəticələrinə görə, həlak olan kosmonavtların beyninə qan sızmış, qulaq pərdələri partlamış, ağciyərlərində isə qan aşkarlanmışdı. Mütəxəssislərin qənaətinə əsasən, ölüm “Soyuz-11” gəmisinin bölmələri ayrıldıqdan təxminən iki dəqiqə sonra baş vermişdi.
Qısaca desək, faciənin əsas səbəbi eniş aparatının “hermetikliyinin pozulması” olub. Bu, təzyiqi tarazlaşdırmaq üçün nəzərdə tutulmuş iki xüsusi ventilyasiya klapanından birinin planlaşdırılmamış şəkildə açılması nəticəsində baş vermişdi.
.png)
Bu klapanlar, məsələn, gəmi lyuku aşağı vəziyyətdə enərsə və ya suya düşərsə, kabinəyə hava daxil olmasını təmin etmək üçün nəzərdə tutulmuşdu. Lakin yuxarıda qeyd edildiyi kimi, klapanlardan biri təxminən 150 kilometr yüksəklikdə – yəni faktiki olaraq hələ kosmik fəzada (kosmosun sərhədi 100 kilometr yüksəklikdən başlayır) – gözlənilmədən açıldı.
Bütün bunlar kosmonavtların (yuxarıda da xüsusi vurğulandığı kimi) gəminin daxilində skafandrsız olmaları şəraitində baş verdi. Başqa sözlə, belə vəziyyətdə onların xilas olmaq şansı, demək olar ki, yox idi.
Rəsmi versiyaya görə, ekipaj müəyyən anda kabinədə təzyiqin düşdüyünü başa düşərək sızmanın yerini səs vasitəsilə müəyyən etmək üçün radio avadanlığını söndürməyə və sonra klapanı bağlamağa çalışıb. Lakin görünür, buna sadəcə vaxtları çatmayıb. Hadisədən təxminən 20 saniyə sonra kosmonavtlar huşlarını itiriblər. Mühəndislərin sonradan apardığı hesablamalar göstərdi ki, həmin klapanı əl ilə bağlamaq üçün isə ən azı 55 saniyə tələb olunurdu.
Kosmonavtların dəfni
Yuri Qaqarin adına Kosmonavtların Hazırlığı Elmi-Tədqiqat Mərkəzinin məlumatına görə, bu faciədən sonra pilotlu kosmik uçuş proqramı iki ildən artıq müddətə dayandırıldı və yalnız 1973-cü ilin sentyabrında bərpa edildi. Bu müddət ərzində mühəndislər müxtəlif ssenariləri modelləşdirərək klapanın niyə açıldığını daha dəqiq müəyyənləşdirməyə çalışırdılar.
Bundan başqa, “Soyuz” gəmilərində avadanlığın yerləşdirilməsi dəyişdirildi, bir müddət üç nəfərlik ekipajla uçuşlara məhdudiyyət qoyuldu. Nəhayət, “Soyuz-11”-dən sonra bütün kosmonavtlar uçuşa qalxarkən və Yerə enərkən mütləq skafandr geyinməli idilər.
.png)
Georgi Dobrovolski, Vladislav Volkov və Viktor Patsayev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər (Volkova bu fəxri ad ikinci dəfə verilmişdi).
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada