Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhə arxalanan Paşinyan “müharibə olmayacaq” deyir – Haqlıdırmı?
Ekspert: Dövlət rəhbərləri Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi ilə məşğuldurlar

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 28-də Silahlı Qüvvələr Günü münasibətilə müraciətində bildirib ki, Ermənistan Azərbaycanla müharibəyə hazırlaşmır.

Müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olunub və təhlükəsizlik üçün sülhdən daha etibarlı təminat yoxdur”, – Paşinyan vurğulayıb. O əlavə edib ki, buna baxmayaraq Ermənistan ordunu gücləndirməyə davam edəcək, çünki “güclü ordusu olmayan ölkə həssasdır və təcavüz üçün cazibə obyektinə çevrilə bilər”.

Ermənistan hökumət başçısı eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan dövlətçiliyi və suverenliyini məhv etmək niyyətində ittiham edib.

KTMT-dəki tərəfdaşlar 2022-ci ilin sentyabr ayına olan vəziyyətə görə təhlükəsizlik və Ermənistan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar həmçinin, Ermənistan Respublikasının artıq ödəniş etdiyi yüz milyonlarla dollar dəyərində silah və texnikanın tədarükündən imtina edirdilər.

Bu, Ermənistan Respublikası üçün ekzistensial təhlükə yaradırdı və aydın idi ki, dövlətçiliyimizin məhv edilməsi və suverenliyimizin ləğvi barədə qərar qəbul olunub.

Bu ölümcül təhlükə iki həlledici hadisə nəticəsində aradan qaldırıldı: 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli formatda əldə olunmuş siyasi razılaşma (həmin razılaşmaya əsasən Ermənistan Respublikası və Azərbaycan Respublikası 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır) və Ermənistanın KTMT-də üzvlüyünün dondurulması”, – Paşinyanı bildirib.

Maraqlıdır ki, Paşinyan bir çox həmvətənlərindən fərqli olaraq Ermənistanla Azərbaycan arasında artıq müharibə olmayacağına niyə bu qədər əmindir? Və doğrudanmı, KTMT 2022-ci ilin sentyabr ayına olan vəziyyətə görə Ermənistanın dövlətçiliyini və suverenliyini məhv etmək niyyətində olub?

Siyasi şərhçi Murad Sadəddinov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, öncə qeyd edib ki, Paşinyanla müharibənin olmayacağı fikriylə razıdır və hesab edir ki, baş nazir bu məsələdə haqlıdır.

Əminliyim ona əsaslanır ki, Paşinyan Azərbaycan Prezidenti ilə birbaşa təmaslara başlayıb. Son dövrlər rəhbərlərimiz müxtəlif beynəlxalq platformalarda tez-tez görüşürlər və Paşinyan şəxsən əmin olub ki, Azərbaycanın Ermənistanla müharibə aparmaq niyyəti yoxdur.

Bunun çoxsaylı sübutları var. Məsələn, Prezidentimiz ABŞ Prezidenti ilə görüşəndə Tramp soruşmuşdu: “Siz güclü idiniz, niyə daha irəli getmədiniz?” Prezidentimiz isə cavab vermişdi: “Biz işğal olunan ərazilərimizi geri qaytardıq”. Yəni, Azərbaycan Ermənistan ərazilərini ələ keçirmək məqsədi güdmür. Məqsəd beynəlxalq səviyyədə tanınmış, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin BMT üzvlüyü əsasında təsdiqlənmiş suverenliyi və ərazi bütövlüyünün bərpası idi.

Dövlət başçıları arasında danışıqlar aparılır, bəzən bu prosesə digər liderlər, o cümlədən ABŞ Prezidenti də qoşulur. Avqustun 8-də ABŞ prezidentinin iştirakı ilə Vaşinqtonda imzalanmış razılaşmalar Cənubi Qafqaz liderlərinin məsələlərin hərbi yolla həllində maraqlı olmadıqlarını və sülhə üstünlük verdiklərini düşünməyə ciddi əsas verir.

Hazırda proseslər sülh istiqamətində inkişaf edir: münasibətlər bərpa olunur, Azərbaycan ərazisi vasitəsilə Ermənistana taxıl və Azərbaycan neft məhsullarının tədarükü həyata keçirilir. Ermənistan üçün Azərbaycan ərazisindən elektrik enerjisinin ötürülməsi və dəmir yollarının açılması məsələləri müzakirə olunur. Ümumi tendensiya göstərir ki, dövlət rəhbərləri Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi ilə ciddi məşğuldurlar. Bu da Ermənistanın baş nazirinə belə bəyanatlar vermək üçün əsas yaradır”, – ekspert bildirib.

Ordunun gücləndirilməsi məsələsində isə o, baş nazirlə razı deyil.

Ermənistan ordusu bu gün acınacaqlı vəziyyətdədir, lakin bu, Paşinyanın tezislərinin yanlış olduğunu göstərir. Ordunun zəifliyinə baxmayaraq, qonşu ölkələr – nə Gürcüstan, nə Azərbaycan, nə də Türkiyə – Ermənistan ərazilərini ələ keçirmək və ya onun suverenliyinə zərbə vurmaq niyyətində deyil. Baş nazirin bəyanatları daha çox seçkiqabağı dövrdə daxili auditoriyaya hesablanmış siyasi xarakter daşıyır.

Tarix göstərir ki, əksinə, Ermənistanın güclü orduya malik olması onun suverenliyi üçün təhlükə mənbəyi olub. Otuz il ərzində güclü orduya arxalanan Ermənistan Azərbaycan ərazilərinin işğalı ilə məşğul olub və nəticədə vəziyyət elə həddə çatıb ki, təhdid artıq onun öz ərazi bütövlüyü üzərində yaranıb.

KTMT məsələsinə gəldikdə, Paşinyan bu təşkilat çərçivəsində Rusiyanın roluna işarə edir. Rusiya uzun müddət Ermənistanın siyasətinə təsir göstərərək onu qonşularına qarşı aqressiyaya sövq edib, lakin həlledici məqamda – 44 günlük müharibə zamanı – onu dəstəkləməkdən imtina edib. Bu da erməni tərəfinin narazılığına səbəb olub. İşğal dövrü ərzində KTMT tərəfindən erməni qoşunlarının çıxarılmasının zəruriliyi barədə heç bir bəyanat verilməməsi göstərir ki, təşkilatın siyasəti Ermənistanın işğalçı siyasətinin əsas dayaqlarından biri olub.

Paşinyan eyham vurur ki, məhz KTMT çərçivəsində hərbi siyasətin koordinasiyası Ermənistanı çətin vəziyyətə gətirib çıxarıb. Bu gün isə Azərbaycan, Türkiyə, ABŞ və Avropa İttifaqı kimi digər güc və təsir mərkəzlərinə söykənən Ermənistan əvvəlkindən daha çox təhlükəsizlik təminatına malikdir”, – Sadəddinov bildirib.

Rauf Orucov