Logo
news content
User
Kateqoriyalar

Analitika

Seçkilər öncəsi səssiz müharibə - Kreml Ermənistanı nə ilə qorxudur?
Ekspert: Moskvanın maksimim və minimum planları var...

Bir neçə gün əvvəl Moskvada Nikol Paşinyanla Putin arasında icra baxımından yumşaq, lakin məzmun baxımından kifayət qədər sərt dialoq baş tutdu. Bu məqam müxtəlif ölkələrdən olan müşahidəçilərin diqqətini çəkdi.

Rusiya prezidenti bunu açıq şəkildə göstərməsə də, aydındır ki, Paşinyanın bütün irad və qeydlərə verdiyi cavablar onu ciddi şəkildə qıcıqlandırırdı. Paşinyan özünü Rusiyadan asılı olmayan dövlətin rəhbəri kimi aparıırdı.

Burada KTMT-nin funksional olmaması barədə fikirlər, Ermənistanda bütün sosial şəbəkələrin tam azad olması ilə bağlı “trollinq” (Rusiyadakı acınacaqlı vəziyyətə açıq işarə) və ən əsası – Putinə verilən aydın cavab yer almışdı: hətta ikili vətəndaşlığı olan şəxs belə Ermənistan parlamentinə deputat və ya baş nazir postuna namizəd ola bilməz. Bu, Konstitusiyada belə yazılıb və bunu dəyişmək mümkün deyil.

Bundan sonra Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözləri səsləndi. O bildirdi ki, Azərbaycanın ən böyük təhlükəsizlik təminatçısı Ermənistandır, Ermənistanın təminatçısı isə Azərbaycandır. O, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasının növbədənkənar qurultayı öncəsi jurnalistlərə verdiyi brifinqdə, müxalifətin “Ermənistana təhlükəsizlik təminatçısı lazımdır” fikirlərini şərh edərkən deyib.

Yəni onlar nə dediklərini belə anlamırlar. Dünyada yeni, davam edən və dərinləşən müharibələr fonunda Ermənistan Respublikası və Azərbaycan Respublikası nəticə əldə ediblər və bunu möhkəmləndirməlidirlər”, – Simonyan bildirib.

O, konkret tərəflərin adını çəkmədən qeyd edib ki, bir çox qüvvələr Ermənistan və Azərbaycanı bir-birinə qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışır.

Artıq 5 aprel tarixində isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk çıxış edərək bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, onun Rusiya ilə hava əlaqəsi olmayacaq.

Hazırda Avropa İttifaqı ölkələri ilə aviasiya əlaqəsi yoxdur, deməli, Ermənistanla da olmayacaq”, – o, “Birinci kanal”ın efirində bildirib.

Overçuk qeyd edib ki, Ermənistan vətəndaşları rəsmi İrəvanın Aİ-yə yaxınlaşma qərarının mümkün nəticələrini dərk etməlidir. “Bəlkə də bu, çox sərt səslənir, lakin biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər: əgər belə bir şey baş verərsə, məhz Avropa İttifaqına yaxınlaşma ilə bağlı qəbul edilən qərarların nəticəsi olacaq”, – Rusiya baş nazirinin müavini əlavə edib.

Aydındır ki, Overçuk özü danışmır və bu hədələyici mesajı səsləndirmək tapşırığını ona birbaşa Putin verib. Lakin bunun arxasında nə dayanır? Moskva həqiqətən İrəvanla hava əlaqəsini kəsə bilər? Yoxsa bu, sadəcə informasiya müharibəsinin bir elementidir – məqsəd isə erməni seçicisini bu cür perspektivlə qəzəbləndirmək, onu Paşinyan partiyasından uzaqlaşdırmaq və Koçaryan blokunun namizədlərinə səs verməyə yönəltməkdir? Kremlin bu planı işləyəcəkmi?

Pressklub.az-ın suallarına logistika sahəsində erməni mütəxəssis, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin assosiativ eksperti, Armenian Council mərkəzinin eksperti Samvel Meliksetyan cavab verib.

Onun fikrincə, Moskvada Ermənistanın Avropa İttifaqına üzvlük perspektivinin hələ çox uzaq olduğunu yaxşı anlayırlar. “Balkan ölkələrinin, Gürcüstanın, Ukraynanın və Moldovanın təcrübəsi göstərir ki, bu proses illər, hətta onilliklər çəkir. Deməli, hazırda bu məsələ актуal deyil və belə sərt, gözlənilmədən qeyri-diplomatik ictimai bəyanatların mahiyyətini anlamaq lazımdır. Bu cür çıxışlar bu formatlı görüşlər üçün xarakterik deyil.

Söhbət Ermənistan seçicilərinə seçkilərin nəticələrinin mümkün təsirlərini anlatmaq istəyindən gedir. Rusiya tərəfi göstərməyə çalışdı ki, bu səsvermə Moskva üçün son dərəcə vacibdir.

Onlar öz mövqelərini açıq şəkildə ifadə etdilər, hətta Ermənistan qanunvericiliyinə görə ikili vətəndaşlığı olan şəxslərin deputat və ya baş nazir ola bilməməsinə baxmayaraq, belə namizədləri də xatırlatdılar. Bu, seçkilər fonunda Rusiyanın maraqlarının açıq şəkildə ifadəsi və Ermənistanın ikitərəfli münasibətlərdə zəif tərəflərinin göstərilməsi idi. Bu zəifliklərə aşağıdakılar daxildir:

- Ermənistanın Rusiya enerji resurslarından və müxtəlif məhsul tədarükündən asılılıq; 

- Ermənistan iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatı məhsullarının Rusiya bazarından asılılığı. 

Söhbət əsasən kiçik fermerlərin və istehsalçıların həyata keçirdiyi kütləvi ixracdan gedir. Bu prosesdə iştirak edən insanların sayı kifayət qədər böyükdür və onlar da “yanlış” seçimin bizneslərinə necə təsir edəcəyini anlamalıdırlar.

Buraya, şübhəsiz, hava əlaqəsinin dayandırılması, nəqliyyat problemləri və dəmir yollarının konsessiyası məsələləri ilə bağlı təhdidlər də daxildir. Aleksey Overçukun bəyanatları göstərir ki, Rusiya tərəfi bu məsələdə kompromisə getmək niyyətində deyil və Ermənistanın gözlədiyi kimi dəmir yollarının sürətli bərpası və tikintisi də yaxın perspektivdə mümkün görünmür. Bu sahədə müəyyən çıxılmaz vəziyyət yaranıb.

Bununla belə, Putinin bəyanatında belə bir fikir də səsləndi: “Rusiya erməni xalqının seçimini qəbul edəcək”.

Əgər seçkilərin nəticəsi Moskva üçün arzuolunmaz olsa və yenidən Paşinyanın partiyası qalib gəlsə, məncə, Rusiya münasibətləri kəskin şəkildə pozmayacaq. Lakin seçkilər öncəsi maksimum təzyiq göstərməyə çalışır, qaz asılılığını və Rusiyada yaşayan iki milyonluq erməni diasporunu xatırladır”, – politoloq bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın strategiyası iki plan üzərində qurulub:

- Maksimum plan: öz namizədini hakimiyyətə gətirmək və seçkilərdə qalib gəlmək; 

- Minimum plan: parlamentdə güclü Rusiyapərəst qüvvə formalaşdırmaq, hakim partiyanın resurslarını zəiflətmək, siyasi problemlər yaratmaq və perspektivdə hakimiyyətə gəlmək. 

Minimum planın məqsədi növbəti seçkilərdə bu qüvvənin qələbəsini təmin etmək və uzunmüddətli perspektivdə Ermənistan siyasətində möhkəmlənməkdir. Məncə, əsas üstünlük verilən məhz bu ssenaridir.

Digər mühüm məsələ isə Ermənistan–Azərbaycan münasibətləri və nizamlanma prosesidir ki, Moskva bunu israrla Qarabağ mövzusu ilə əlaqələndirməyə davam edir. Düşünürəm ki, bu da təsadüfi deyil, çünki bu gündəm Ermənistanın baş nazirinin seçki kampaniyasında əsas mövzulardan birinə çevrilib.

Bu bəyanatlar bir tərəfdən Ermənistan hakimiyyətinin tezislərini təkzib etmək, məsuliyyəti onların üzərinə yönəltmək, digər tərəfdən isə sülh gündəliyindən öz maraqları üçün istifadə etmək məqsədi daşıyır.

Aydındır ki, bu məsələ Kremlin narahatlıq doğuran əsas amillərdən biridir. Orada anlayırlar ki, bu faktor seçki kampaniyasının nəticəsinə ciddi təsir göstərə bilər. Buna görə də sülhün vacibliyi ilə bağlı tezisləri zəiflətmək və legitimliyini sarsıtmaq cəhdləri edilir. Həmin bəyanatlar o cümlədən Alen Simonyanın Azərbaycan və Ermənistanın bir-birinin təhlükəsizlik təminatçısı olması ilə bağlı çıxışı məhz bu proseslərə qarşı yönəlib”, – Meliksetyan yekunlaşdırıb.

Rauf Orucov