İstanbulda İsrail Konsulluğu qarşısında atışma olub, 2 polis yaralanıb, 3 silahlı zərərsizləşdirilib
07 Aprel 2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atışma olub.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.
O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.
Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.
İstanbul valisi Davud Gül ərazidə bir sıra infrastruktur obyektlərinin olmasına diqqət çəkib və təxribat versiyasını istisna etməyib. Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.
Davud Gül hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd edib.
O əlavə edib ki, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.
Hazırda İsrail Konsulluğunun yaxınlığındakı ofislər boşaldılır, ofislərdə çalışan əməkdaşlar təxliyə olunur.
Polislər ərazini nəzarətə götürüb, giriş-çıxış məhdudlaşdırılıb.