Logo
news content
User
Kateqoriyalar

Analitika

Gürcüstan hökuməti seçim edir – Hakimiyyət naminə qarşıdurma!
Ekspert: Ölkə vətəndaşlarının hakimiyyətdən tələbləri artacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməklə ölkədə inqilab edə bilməyəcək.

Avropa İttifaqının şantaj alətləri artıq köhnəlib və vizasız rejimin ləğvi təzyiq vasitəsi kimi əvvəlki gücünü itirib. Gürcüstan cəmiyyəti ayıq düşünür və Avropa bürokratiyasının qərarlarına praqmatik yanaşır”, – Kobaxidze İctimai Yayımçının Birinci kanalına verdiyi müsahibədə qeyd edib.

O, Aİ-nin praqmatik qərar qəbul edəcəyinə və Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv etməyəcəyinə ümid etdiyini bildirib.

Avropa Komissiyasının 19 dekabr tarixində dərc olunmuş vizasız rejimin dayandırılmasına dair illik hesabatında qeyd olunur ki, “Gürcüstan vizasız rejimi tamamilə itirə və Şengen zonasına daxil olmaq üçün vizanın tələb olunduğu ölkələr siyahısına salına bilər”.

Gürcüstanla bağlı hesabatda vurğulanır ki, “Avropa Komissiyası Gürcüstanda fundamental hüquq və azadlıqların pozulması, o cümlədən ayrı-seçkiliyin qadağan olunması prinsiplərinə əməl edilməməsi ilə bağlı ciddi narahatlıq ifadə edib”.

Komissiya dəfələrlə Gürcüstan hakimiyyətini bu problemlərin həlli üçün dərhal tədbirlər görməyə və tövsiyələrini yerinə yetirməyə çağırıb. Buna baxmayaraq, Gürcüstan vizasız rejim üzrə dialoq çərçivəsində götürdüyü bir sıra öhdəlikləri pozub və vizasız rejimin dayandırılması mexanizmi üzrə yeddinci hesabatın tövsiyələrini yerinə yetirməyib”, – sənəddə deyilir.

Hesabata əsasən, “Gürcüstanda baş verən sistemli və qəsdən geriləmə nəzərə alınmaqla, Komissiya yenilənmiş vizasız rejimin dayandırılması mexanizmi çərçivəsində müvafiq tədbirləri nəzərdən keçirir”. Press-relizdə bildirilir ki, bu mexanizm 30 dekabr 2025-ci ildə qüvvəyə minəcək.

Avropa Komissiyasının dərc etdiyi hesabatda Gürcüstanda “Rusiyanın təsiri ilə əlaqələndirilən yeni təhlükəsizlik riskləri” də xatırladılır.

Əksər tərəfdaşlar korrupsiyaya qarşı öhdəlikləri yerinə yetirdiyi halda, Gürcüstan əvvəllər həyata keçirilmiş bəzi islahatları ləğv edib. Bundan əlavə, sənədlərin təhlükəsizliyi sahəsində ciddi çatışmazlıqlar mövcuddur – saxta və ya fırıldaq yolu ilə əldə edilmiş pasportlar, eləcə də təhlükəsizlik yoxlamalarından yayınmaq üçün şəxsi məlumatların dəyişdirilməsi halları qeydə alınır. Vizasız rejimin etibarlılığının qorunması üçün bu problemlər aradan qaldırılmalıdır”, – Avropa Komissiyasında bildirirlər.

Bəs Brüssel bütün Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvinə gedərsə, nə baş verə bilər? Baş nazir Kobaxidze niyə Gürcüstanda “inqilab” mövzusundan danışmağa başlayıb?

Qara dəniz Beynəlxalq Universitetinin (Tbilisi) professoru, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Nika Çitadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, ilk növbədə Avropa İttifaqının addımlarını iki mərhələyə bölmək olar. “Mənim fikrimcə, ilkin mərhələdə Avropa İttifaqı Gürcüstanın məmurları, o cümlədən siyasi elita nümayəndələri – yəni parlament üzvləri, hökumət üzvləri, baş nazir aparatının, prezident aparatının əməkdaşları və hakimiyyətə yaxın şəxslər üçün viza rejimi tətbiq edəcək. Ola bilsin ki, bu siyahıya bəzi biznesmenlər, təbliğatçılar və s. də daxil edilsin. Bu, viza rejiminin tətbiqinin birinci mərhələsidir. Və təbii ki, vizasız rejimin ləğvi avtomatik olaraq Gürcüstan hökumətinin nümayəndələrinin Aİ-yə Şengen vizası alacağı anlamına gəlmir. Onlar bu vizanı ala da bilərlər, almaya da”, – professor izah edib.

Çitadzenin sözlərinə görə, ikinci mərhələ Gürcüstan hakimiyyəti müvafiq addımlar atmadığı və anti-Avropa siyasətini davam etdirdiyi təqdirdə baş verə bilər. “Bu halda viza rejimi bütün Gürcüstan vətəndaşlarına şamil olunacaq. Bunun nə vaxt və necə baş verəcəyi maraqlı sualdır, lakin bunu indidən dəqiq demək mümkün deyil, çünki bu, Avropa İttifaqına üzv olan iyirmi yeddi dövlətin hamısının qərarından asılıdır.

Digər tərəfdən isə düşünürəm ki, Gürcüstan vətəndaşlarının hakimiyyətdən tələbləri artacaq, insanlar vizasız rejimin vətəndaşlara şamil olunmaması üçün Aİ-nin bütün şərtlərinin yerinə yetirilməsini tələb edəcəklər. Lakin çətin ki, Gürcüstan hakimiyyəti güzəştə getsin. Məncə, hazırkı hakim komanda üçün əsas məsələ hakimiyyətin qorunub saxlanılmasıdır – hətta Avropa İttifaqı və ümumilikdə Qərb demokratik birliyi ilə münasibətlərin pisləşməsi bahasına olsa belə”, – Çitadze yekunlaşdırıb.

Rauf Orucov