Logo
news content
User
Kateqoriyalar

Analitika

Ankara-İrəvan yaxınlaşması: Sərhəddəki görüşün görünməyən hissəsi
Ekspert: “Bu hər şeyin göründüyü qədər qorxulu olmadığı ilə bağlı Ankaradan verilən siqnaldır”

Ermənistan və Türkiyə Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası imkanlarını nəzərdən keçirəcək. “Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan KİV-i iki ölkənin xüsusi nümayəndəsi Ruben Rubinyan və Sərdar Kılıçın görüşünün nəticələrinə uyğun olaraq xəbər verir. 

Görüş iyulun 30-da sərhədin Marqara-Əlican hissəsində baş tutub. Tərəflər bundan əvvəl əldə edilmiş razılaşmaları təsdiqləyiblər.

Bundan əlavə, biz Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınmasına imkan verəcək texniki ehtiyacların qiymətləndirilməsi, habelə diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün qarşılıqlı viza prosedurlarının asanlaşdırılması barədə razılığa gəldik”, - deyə məlumatda bildirilir.

Tərəflər heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, bu, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin beşinci görüşü olub. Sonuncu dəfə tərəflər arasında görüş iyulun 1-də Avstriyada baş tutub.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər.

Öz növbəsində, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin beşinci görüşü ilə bağlı bəyanat yayıb:

İyulun 30-da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələr - səfir Sərdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında iki ölkənin sərhədindəki Əlican-Marqara keçid məntəqəsində beşinci görüş keçirilib. 

Onlar əvvəlki görüşlərində əldə olunan razılaşmaları təsdiqləyiblər.

Bundan əlavə, regional dəyişikliklərə uyğun olaraq Akyaka/Axurik dəmir yolu sərhəd məntəqəsinin fəaliyyətini təmin etmək üçün zəruri olan texniki tələbləri qiymətləndirmək, habelə diplomatik/xidmət pasportu sahibləri üçün qarşılıqlı viza prosedurlarını sadələşdirmək barədə razılığa gəliblər.

Nəhayət, onlar, iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün heç bir ilkin şərt qoymadan normallaşma prosesini davam etdirmək barədə razılığa gəldiklərini bir daha vurğulayıblar”.

Situasiya çox maraqlıdır və təbii ki, suallar doğurur. Hamıya məlumdur ki, bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi demək olar dalana dirənib. Bundan əlavə, artıq uzun müddətdir belə bir rəy var ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmasa, Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpasında heç bir irəliləyiş ola bilməz. Yəni, Türkiyə rəhbərliyi, sadəcə olaraq, Bakı ilə mövqeləri razılaşdırmadan birtərəfli qaydada Ermənistanla münasibətləri yaxşılaşdırmağa razı olmayacaq. 

Hazırkı şəraitdə bu fikir nə dərəcədə doğrudur? Rubinyan-Kılıç görüşlərinin hər hansı praktiki əhəmiyyəti varmı və konkret nəticələrə gətirib çıxaracaqmı? Yoxsa onları praktiki perspektivləri görünməyən hansısa ritual fəaliyyət hesab etmək olar?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun  jurnalisti Vadim Dubnov (Praqa) cavablandırıb.

Bakı və Ankara arasında mövqelərin razılaşdırılması ənənəsi 2008-ci ildən bəri daimi fəaliyyət göstərən faktordur və hesab edirəm ki, bu cür koordinasiya olmasaydı, əlbəttə ki, Ankara İrəvanla yaxınlaşma üçün bu cür addımlar atmazdı. Amma eyni zamanda hesab edirəm ki, bu, hazırda Azərbaycanla Ermənistan arasındakı ziddiyyətlərin kənardan göründüyü qədər barışmaz və sərt olmadığının göstəricisidir”, - o, hesab edir.

Ekspert hesab edir ki, birincisi, Türkiyə Ermənistanla belə yaxınlaşmaya gedirsə, bu, Bakı ilə İrəvan arasında hər şeyin göründüyü qədər qorxulu olmadığı ilə bağlı Ankaradan verilən siqnaldır. Həm də, hansısa sazişin bağlanması qətiyyən vacib deyil - burada ilk növbədə vacib olan nəticə deyil, danışıqların intensivləşdirilməsidir.

İkincisi, açıq şəkildə görünür ki, hazırda Ankara üçün xarici siyasət fəaliyyətinin digər sahələri daha vacibdir. Məsələn, Yaxın Şərq istiqaməti - İsrail, Suriya və s. Burada onun üçün daha əhəmiyyətli məsələlər həll olunur.

Və hesab edirəm ki, bununla bağlı Bakıya Ankaranın bu problemlərini müəyyən qədər nəzərə almaq təklif olunub. Ümumiyyətlə, Azərbaycan rəhbərliyi bilir ki, Ermənistana mümkün təzyiq həddi artıq tükənməyə yaxındır və bundan sonrakı təzyiqin xüsusi əhəmiyyəti yoxdur. Çünki prinsip etibarilə nə bu, nə də o biri tərəfin imzalamaq istəmədiyi sülh müqaviləsi onsuz da imzalanmayacaq. Bu məsələni həddindən artıq böyütməyə ehtiyac yoxdur. Və hesab edirəm ki, Bakı Azərbaycana çox da ziyan vurmadan Türkiyə ilə Ermənistan arasında kifayət qədər texniki, kifayət qədər simvolik olan yaxınlaşmanın baş verməsinə etiraz etmir”, - deyə V.Dubnov bildirib.

Rauf Orucov