Putinə “dur” deyən olacaqmı?
Qərbin əsas problemi illüziyalarla yaşamasıdır
05 Dekabr 2025
Rusiya prezidenti Vladimir Putinlə ABŞ nümayəndə heyəti arasında Kremldə keçirilən görüşündə Ukraynanın NATO-da iştirakı müzakirə olunub. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Bilirsiniz, bu əsas məsələlərdən biridir və müzakirə olundu. Təfərrüatları danışa bilmərəm”, – Uşakov Ukraynanın alyansa üzvlüyü mövzusu ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, hazırda Rusiya Ukrayna üzrə nizamlanma məsələlərini “yalnız ABŞ-la” müzakirə edir. Uşakov hesab edir ki, “Rusiya ordusunun döyüş meydanındakı uğurları” danışıqların gedişinə və xarakterinə “müsbət təsir göstərib”. Amma bu personajın hansı “uğurlardan” danışdığı isə o qədər də aydın deyil.
“Rusiya öz fikirlərini bildirdi, ABŞ isə onları nəzərə almağa hazır olduğunu təsdiqlədi”, – Putinin köməkçisi qeyd edib. Eyni zamanda, Uşakov iddia edib ki, “Ukrayna İstanbulda danışıqları davam etdirməkdən imtina edib”, “Rusiyanın dialoqa açıq olmasına baxmayaraq, Avropa ölkələri bütün təmaslardan boyun qaçırır”.
Uşakov Putinin birbaşa tabeliyində olan şəxsdir və təbii ki, onun söyləməyə cəsarət etdiyi istənilən ifadədə bu amil həlledici rol oynayır.
Məsələ başqadır: bütün bunları kifayət qədər yaxşı anlayan Qərb ölkələrinin, təşkilatlarının liderləri təcavüzkarla nə vaxta qədər “oynamaqda” davam edəcəklər? Rusiyanı birmənalı və qəti şəkildə məğlub edəcək “qırmızı xətlər” nə vaxt çəkiləcək, Putinə nə vaxt qəti “dur” deyiləcək? Yoxsa Qərb artıq buna “dözməyə” hazır olduğunu etiraf etməyə yaxındır?
Pressklub.az-ın suallarına tanınmış ukraynalı şərhçilər cavab veriblər.
Politoloq, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk bildirir ki, əslində, bütün bu problemlər dünən yaranmayıb.

“Ümumən, Qərbin mövqeyi çoxdan məlum olan yanaşmaya əsaslanır: nüvə dövləti olan Rusiyanı qıcıqlandırmamaq, müharibənin Ukraynaa sərhədlərini aşmaması üçün ona dəstəyi məhdudlaşdırmaq. Bundan başqa, bu yaxınlarda Belçikanın baş nazirinin öz müsahibəsində qeyd etdiyi kimi – Rusiyanın müharibədə məğlubiyyətini təsəvvür etmək çətindir və belə bir məğlubiyyət ümumiyyətlə arzu olunan deyil. Yəni, onlar nüvə dövlətinin məğlub olmasını arzu etmirlər, bunun mümkün nəticələrindən narahatdırlar.
Beləliklə, aydındır ki, hazırda Qərb Rusiya ilə qəti qarşıdurmaya hazır deyil. Hər şey yenə də Rusiyanı sakitləşdirməyə, onunla razılaşmağa, müəyyən çərçivələrə salmağa və bununla da təhlükəni azaltmağa yönəlib. Bəli, Rusiyadan uzaqlaşma istiqamətində müəyyən addımlar var: Avropanın Rusiya qazından tədricən imtina etməsi, daha yavaş templə olsa da Rusiya neftindən imtina. Amma bütün bunların sürəti istənilən səviyyədə deyil”, – alim təəssüf edir.
Onun fikrincə, Qərbdə düşünürlər ki, gec-tez Ukraynadakı müharibəni hansısa şəkildə başa çatdırmaq mümkün olacaq. “Müharibə hansısa şəkildə dayanacaq və bunun nəyin bahasına olacağı onlar üçün o qədər də önəmli deyil. Bundan sonra Rusiya ilə uzunmüddətli münasibətlər qurmağa cəhd göstəriləcək. Yəni, fikirləşirlər ki, gec-tez orada müəyyən dəyişikliklər baş verəcək və təhlükə azalacaq.
Amma bu yanaşma reallığa heç uyğun gəlmir. Çünki Rusiya Ukraynaya qarşı müharibə zamanı Asiyada özünə yeni müttəfiqlər tapmağa, onlarla kifayət qədər ciddi ittifaq qurmağa və ümumən dünyada Qərbin mövqelərini sıxışdırmağa nail olub. Bu kor, düşüncəsiz siyasətdir. Avropalılar və amerikalılar hələ də soyuq müharibə dövrünün ikiqütblü dünyasında yaşadıqlarını zənn edirlər. Halbuki vəziyyət artıq tam fərqlidir.
Təəssüflə qeyd etməliyik ki, Rusiya Avropaya qarşı hibrid təcavüzlərini davam etdirəcək, Qərbin zəifliyini nümayiş etdirmək və bununla da Şərqi Avropa ölkələrini Rusiyanın təsir dairəsinə qaytarmaq məqsədilə genişmiqyaslı hücuma başlamağa cəhd edəcək. Hər şey ona işarə edir. Qərbin əsas problemi ondadır ki, onlar illüziyalar içində yaşayır, gec-tez Rusiyayla anlaşacaqlarını düşünürlər. Və buna görə də ciddi siyasi qərarlar qəbul etməyə hazır deyillər”, – Oleşuk bildirib.
Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda isə bildirir ki, hazırkı Avropa və ABŞ liderləri Ukraynanın NATO-ya üzvlüyü barədə qərar qəbul etməyə qətiyyən hazır deyillər.

“Onlar tam başqa düşüncədə yaşayırlar. Hesab edirlər ki, Rusiya güclüdür və onunla hesablaşmaq lazımdır.
Artıq 45 aydan çoxdur ki, Ukraynaya qarşı genişmiqyaslı işğal davam edir. Bəli, bu müddət ərzində bizə görünməmiş həcmdə yardım ediblər. Lakin bu yardım da qalmaqalsız deyil. Yadınızdadırsa, bizə bir milyon mərmi vəd edilmişdi, nəticə necə oldu?
Arxitekturanın dəyişməsi barədə danışmağa dəyməz — belə bir şey baş vermir. NATO “parad formasını” dəyişib heç olmasa “hərbi kamuflyajı” geyinmək istəmir. Üstəlik, üzərinə yük götürmək, zirehli gödəkçə, dəbilqə taxmaq, silah götürmək – bunlara ümumiyyətlə hazır deyillər. Və Rusiya bunu çox yaxşı anlayır”, – politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiya bu vəziyyətdən mükəmməl istifadə edir. “Rusiya kimlərin nə üçün belə davrandığını çox yaxşı görür. O, sadəcə Qromıko doktrinasından istifadə etmir, onu daha aqressiv və hücum formasında yenidən işləyib. Bu isə bizim mütləq qarşılaşacağımız problemdir.
Buna görə də düşünürəm ki, Ukrayna xüsusi olaraq güvənə biləcəyi heç kimin olmadığını anlamalıdır. Və mübarizəni davam etdirməlidir. Çünki Mariupoldan, Buçadan, İzyumdan, əsirlərimizin güllələnməsindən, işğal altındakı ərazilərdəki zorakılıqlardan sonra Ukraynanın başqa yolu yoxdur”, – Maqda yekunlaşdırıb.
Rauf Orucov