ABŞ və Aİ Rusiyanın dondurulmuş aktivlərinə əl qoyurlar - Ukraynaya verləcək
01 Oktyabr 2025
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya aylıq 10 milyard dolların köçürülməsini təklif edən qətnamə layihəsi ABŞ Senatına təqdim edilib.
Qətnamə əsasən hökumətin icraedici qolu G7 və Avropa İttifaqının liderlərini Rusiyanın aktivlərini ayda ən azı 10 milyard dollarlıq tranşlarla Ukraynaya köçürməyə çağırıb.
Qətnamənin müəllifləri ABŞ senatoru Con Kennedi, Riçard Blumental, Lindsi Qrem və Şeldon Uaythausdur.
Sənədin mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Qanun layihəsi baxılması üçün Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.
Finlandiya və İsveç Avropa İttifaqını Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 130 milyard avro ayırmağa çağırıb.
Bu məsələ oktyabrın 1-2-də Kopenhagendə Aİ liderlərinin qeyri-rəsmi görüşündə müzakirə ediləcək.
Bildirilir ki, bu təşəbbüslə Finlandiya və İsveçin baş nazirləri Petteri Orpo və Ulf Kristersson çıxış ediblər.
"Finlandiya və İsveç Avropa Komissiyasına və üzv dövlətlərə Ukraynanın növbəti illər üçün maliyyə ehtiyacları haqqında birgə məktub göndəriblər. Baş nazirlər öz təşəbbüslərində vurğulayırlar ki, Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyacları 130 milyard avro qiymətləndirilir və maliyyə kəsiri artıq 2026-cı ilin ikinci rübündə yarana bilər", - məlumatda deyilir.