Zelenski: ABŞ-ın sülh planı 28 bənddən 20 bəndə endirilb,
09 Dekabr 2025
Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik üzrə müşavirləri Mayamidə razılaşdırılmış sülh planı layihəsini ABŞ-yə göndərmək üçün sabah axşama qədər tamamlayacaqlar.
“İnterfaks-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"Avropalıların və Ukraynanın təhlükəsizlik müşavirləri Rüstəm Umerovun gətirdiyi planın son versiyası üzərində işləyəcəklər. Mən düşünürəm ki, sabah axşam saatlarında plan hazır olacaq. Biz onu bir daha nəzərdən keçirəcəyik və ABŞ-yə göndərəcəyik", – deyə o vurğulayıb.
Daha əvvəl Zelenski qeyd edib ki, müharibənin başa çatdırılması üzrə plan 20 bəndə qədər ixtisar olunub, Ukraynanın maraqlarına zidd olan müddəalar çıxarılıb, lakin hələlik ərazilərlə bağlı kompromis tapılmayıb.
"28 bənd var idi, 20 oldu. Tamamilə açıq şəkildə Ukrayna əleyhinə olan bəndlər kənarlaşdırıldı. Amerikalıların əhval-ruhiyyəsi, ümumilikdə, kompromis tapmaq yönündədir. Şübhəsiz ki, ərazilərlə bağlı mürəkkəb məsələlər var. Orada hələ kompromis əldə olunmayıb", – Zelenski əlavə edib.