Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeddi körpənin öldüyü mərkəzin keçmiş direktoru 7 il 3 ay həbs cəzası aldı

Respublika Perinatal Mərkəzində yeddi körpənin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə xəstəxananın keçmiş direktoru Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Eyni hökmə əsasən, mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin keçmiş müdiri Hamlet Mustafayev 5 il 8 ay, Dəstək xidmətləri şöbəsinə rəhbərlik etmiş Elnur Əhmədli isə 5 il 2 ay müddətinə həbs cəzası alıblar. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Hər üç təqsirləndirilən şəxs istintaq və məhkəmə prosesi dövründə azadlıqda olub. Onlar hökmün elanından dərhal sonra məhkəmə zalında həbs ediliblər.

Hökmdən əvvəl son sözünü deyən M.Abasquliyeva hadisənin baş verməsində özünü təqsirli bilmədiyini vurğulayıb və məhkəmənin ədalətli qərar çıxaracağına ümid etdiyini bildirib.

Digər təqsirləndirilən şəxslər də ittihamlarla razılaşmır. Əvvəlki məhkəmə iclaslarında son sözü ilə çıxış edən H.Mustafayev Perinatal Mərkəzdə iş rejiminin həddindən artıq ağır olduğunu deyib. O, hakimlərdən hökm çıxararkən himayəsində 90 yaşlı atasının olduğunu nəzərə almağı xahiş edib.

E.Əhmədli də günahsız olduğunu və ittihamları qəbul etmədiyini bildirib.