Yaxın Şərqə uçuşlar ya dəyişdirilir, ya ləğv olunur
28 Yanvar 2026
Bir çox beynəlxalq aviaşirkət Yaxın Şərq üzrə uçuş cədvəllərini dəyişir, yaxud ləğv edir. Bu, regionda gərginliyin artması, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) İranın hava məkanından yayınmaqla bağlı xəbərdarlığı fonunda baş verir.
"Aerospace Global News" saytı yanvarın 26-da yazıb ki, dəyişikliklər İsrailə, Körfəz Əməkdaşlıq Şurasındakı şəhərlərə, İordaniyaya, Orta Asiya və Cənubi Qafqaza bəzi marşrutlara təsir göstərib.
Məlumata görə, "United Airlines" və "Air Canada" Təl-Əvivə uçuşları dayandırıb. Hindistanın "IndiGo" aviaşirkəti Almatı, Bakı, Daşkənd və Tbilisiyə uçuşları müvəqqəti ləğv edib. "Lufthansa Group" martın sonunadək Tehrana uçuşları dayandırıb, Təl-Əviv və Əmmana reysləri isə gündüz saatları ilə məhdudlaşdırıb ki, ekipajlar gecələməli olmasınlar.
"Flydubai" Tehran, Məşhəd və Şiraza uçuşları ləğv edib, digər marşrutlar üzrə uçuşlar marşrutu dəyişdirərək davam edir. "Air France", KLM və "British Airways" qısamüddətli fasilələrdən sonra fəaliyyətlərini ehtiyatla bərpa ediblər.
"Emirates" və "Qatar Airways" daxil, regionun iri aviaşirkətləri marşrutları dəyişdirməklə, uçuş müddətlərini artırmaqla işi davam etdirirlər. İsrailin "El Al" aviaşirkəti sərnişinlərin narahatlıqlarını azaltmaq üçün çevik ləğv qaydaları tətbiq edib.
İranda etirazlarda təsdiqlənən ölü sayı 6 mini ötüb
Yanvarın 26-da İranda təsdiqlənmiş ölü sayı 6 min 126 nəfərə çatıb. Məlumatı ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yayıb. Onlardan 5 min 777-si etirazçı, 214-ü hökumətə bağlı qüvvələrin üzvləri, 49-u etirazlarda iştirak etməyən şəxslər, yaxud mülki vətəndaşlar olub. Qrupun məlumatına görə, 17 min 91 ölüm halı hələ də araşdırılır.
ABŞ prezidenti Donald Tramp yanvarın 26-da "Axios"a müsahibəsində İranla bağlı vəziyyətin "dəyişkən" olduğunu deyib. O bildirib ki, bölgəyə "böyük donanma" göndərib, amma onu da əlavə edib ki, Tehranın gerçəkdən razılaşma əldə etmək istədiyini düşünür.
İnternet blokadası İran iqtisadiyyatına günə 36 milyon dollar zərər vurur
İranda internet və telekommunikasiyanın bloklanması ölkə iqtisadiyyatına gündə təxminən 50 trilyon rial (35.7 milyon dollar) zərər vurur. Bunu ölkə rəsmisi deyir.
"Etemad Online" yanvarın 26-da rabitə naziri Səttar Haşimidən sitat gətirib. "Hesablamalar göstərir ki, internet şirkətləri və bizneslərin orta dözümlülük müddəti təxminən 20 gündür, ölkə bu həddə yaxınlaşır", – o deyib.
Bir çox biznes sahibləri sosial mediada blokadanın səbəb olduğu ağır təzyiqdən danışır, xeyli sayda şəxs bizneslərinin məhv olduğunu və ya müflisliklə bağlı müraciət etdiklərini bildirib.
Yanvarın 27-sı İranda internet artıq 19-cu gündür kəsilib. Ölkədə kütləvi etirazlar başlayandan hakimiyyət bu addımı atıb. Etiraz dalğası dekabrın 28-də Tehranın bazarlarında iqtisadi vəziyyətə qarşı başlayıb.
İslam Respublikasının son üç həftədəki siyasəti həm insanların pul qazanmaq imkanlarını məhdudlaşdırıb, həm də əsas istehlak mallarını bahalaşdırıb.
BƏƏ ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcəyini bildirir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı hər hansı hərbi əməliyyatda öz hava məkanı, ərazisi və ya sularından istifadəyə icazə verməyəcəyini bildirib.
Xarici İşlər Nazirliyi yanvarın 26-da bu haqda bəyanat yayıb. Bundan öncə isə Vaşinqton İranda həftələrlə çəkən iğtişaşlardan sonra "hər ehtimala" Yaxın Şərqə böyük donanma göndərdiyini açıqlayıb. ABŞ prezidenti Donald Tramp deyib ki, "heç nə baş verməsini istəmir", amma hərbi müdaxilə ehtimalını da açıq saxlayıb.
"Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda hava məkanı, ərazisi və ya sularından istifadəyə icazə verməmək, bu yöndə heç bir logistik dəstək göstərməmək öhdəliyinə sadiqliyini bir daha təsdiqləyir", – bəyanatda deyilir.