Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb - YENİLƏNİB

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

O, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

"İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla - red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq", - Noem yazıb.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” sosial media səhifəsində hücumu "anti-semit terrorizmin alçaq aktı" adlandırıb.

Hadisədən dərhal sonra yəhudi muzeyi yaxınlığında atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun Çikaqodan (İllinoys ştatı) olan 30 yaşlı Elias Rodriqes olduğu bildirilir.

Polisin məlumatına görə, o, yeganə atəş açan şəxs olub.

Qeyd olunur ki, atəşdən sonra Rodriqes muzey binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti onu içəri buraxmayıb.

Atəş açan şəxs artıq saxlanılıb, o, saxlanılarkən əməlini etiraf edib və tapançanı harada atdığını bildirib. O, həmçinin "bunu Qəzzə üçün etdiyini" deyib.