Ukrayna üçün 800 milyard dollarlıq post-müharibə planı
28 Yanvar 2026
Avropa İttifaqı (Aİ) və ABŞ Ukrayna üçün “rifah çərçivəsi” hazırlayıblar. Məqsəd Rusiyanın təcavüzkar müharibəsi bitəndən sonra Ukraynada sabitlik üçün Kiyevə maliyyə və təhlükəsizlik təminatları verməkdir.
AzadlıqRadiosu 18 səhifəlik sənədi görüb. Sənədə görə, Ukrayna üçün 2040-cı iləcən 800 milyard dollar yığıla bilər. Amma növbəti onillikdə bərpa üçün 500 milyard dollarlıq ehtiyacın qarşılanması daha təcili hədəf sayılır.
İlkin mərhələdə Aİ, ABŞ və beynəlxalq maliyyə qurumları iştirak edəcəklər. Onlar bərpaya 317 milyard, dövlət və özəl binaların tikintisinə 126 milyard dollar ayıracaqlar.
Müharibə qurbanlarına kompensasiya Rusiyanın qərbdə dondurulmuş aktivləri hesabına veriləcək.
Aİ-yə üzvlük yönündə proqres
Radionun Avropa üzrə redaktoru Rikard Yozviyak yazır ki, planın böyük hissəsi müharibənin tezliklə bitməsindən asılıdır, amma başqa şərtlər də var.
İlk tələb Aİ-yə üzvlüyə doğru sürətli proqresdir. Bloka 2004 və 2007-ci illərdə qoşulan Mərkəzi və Şərqi Avropa iqtisadiyyatlarında ÜDM-nin o vaxtdan üç dəfəyədək artdığı, bunun Kiyevlə də bağlı təkrarlanacağı bildirilir.
Ukrayna onilliyin sonunda bloka qoşulacağına ümid edir. Amma Macarıstan iki ilə yaxındır üzvlük danışıqların başlanmasını bloklayıb, ölkədəki macardilli azlığa qarşı diskriminasiya olduğunu bildirir.
Amma yeganə şərt bu deyil. Sənəddə vurğulanır ki, “Ukraynanın suveren borc bazarlarına çıxışının bərpası həlledici açardır”. O da vurğulanır ki, bu, “bankların kiçik və orta müəssisələrə kreditləşməyə yenidən fokuslanmasına imkan verəcək, bununla da iş yerlərinin yaradılmasını, ümumi iqtisadiyyatı stimullaşdıracaq”.
800 milyard dollar haradan gələcək?
Bəs 800 milyard dollar haradan gələcək? Bununla bağlı sənəddə konkret vədlər yer alıb. Avropa Komissiyası Aİ-nin növbəti çoxillik büdcəsində Ukrayna üçün 116 milyard dollar nəzərdə tutmağı təklif edib. Amma növbəti 18 ay ərzində danışıqlarda Aİ-nin bütün üzvləri buna razılıq verməlidir, hələ Aİ-nin büdcə xərclərinin azaldılıb-azaldılmayacağı da bəlli deyil.
Vaşinqtonun hər hansı töhfə verəcəyi ilə bağlı rəqəm də yoxdur.
Sənəd müəlliflərinə görə, müharibə bitəndən sonrakı ilk iki ildə ölkəyə 2.1 milyon miqrantın qayıdışı məhsuldarlığı 5 faiz, adambaşına ÜDM-ni də artıracaq.
Ukraynanın mineral sektorlarından savayı Brüssel və Vaşinqton əlavə sərmayə sahələrini də gözdən keçirirlər. Məsələn, 3 mindən çox dövlət müəssisəsi özəlləşdirilə bilər.
Sənəddə 25 min kilometrdən çox yolun bərpası da qeyd olunur.