Ukrayna Prezidenti: Rusiya danışıqlara ciddi yanaşmayıb
16 May 2025
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmadığını bildirib.
Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.
Ukrayna lideri qeyd edib ki, məhz Rusiya birbaşa danışıqların təşəbbüskarı olub və bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.
"Rusiya tərəfinin iştirak səviyyəsinin aşağı olmasına baxmayaraq, Ukrayna prezidentlər Tramp və Ərdoğana hörmət əlaməti olaraq sülhə sadiq qalmağa davam edəcək", - o bildirib.
Zelenski həmçinin söyləyib ki, görüş Ukrayna, Rusiya, Türkiyə və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli formatda keçirilməlidir.
Ukrayna prezidenti, həmçinin Vladimir Putin olmadan İstanbuldakı danışıqlarda iştirakının mənasının olmadığını da qeyd edib.
"Mənim iştirakımın mənası yoxdur. Putin gəlməyib, gəlib-gəlməyəcəyini isə bilmirik. Prezident Tramp da müəyyən mesaj verib, ola bilsin ki, gələcək. İstənilən halda hələ dəqiq qərar yoxdur", - o vurğulayıb.