Ukrayna "Drujba" ilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edib
23 Aprel 2026
Ukrayna bu gün günorta saatlarında "Drujba" boru kəməri ilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edib.
Bu barədə "İnterfaks Ukrayna" mənbəyə istinadən məlumat yayıb.
Nəqlin həcmi açıqlanmır.
Macarıstanın MOL neft-qaz şirkəti öz növbəsində boru kəməri ilə neftin daxil olmağa başladığını təsdiqləyib. Şirkətdə "qara qızıl"ın ilk partiyalarının Macarıstana və Slovakiyaya ən geci sabaha qədər çatacağını gözləyirlər.
Daha əvvəl "Drujba" neft kəmərinin Ukrayna hissəsinin istismarına cavabdeh olan "Ukrtransnafta" ASC dövlət səhmdar cəmiyyəti boru kəmərində təmir işlərinin başa çatması barədə Macarıstanın MOL şirkətinə məlumat vermişdi.
Qeyd edək ki, "Drujba" ilə Slovakiya və Macarıstana neft tranziti Rusiya pilotsuz uçuş aparatının zərbəsindən sonra yaranan zədələnmə səbəbindən 27 yanvar 2026-cı ildə dayandırılmışdı. Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpa olunmasını tələb ediblər.
"Drujba" - Rusiya və Qazaxıstan neftinin Şərqi və Mərkəzi Avropa ölkələrinə nəqli üçün magistral neft kəmərləri sistemidir. Bu, dünyanın ən böyük boru kəmərlərindən biridir, onun ümumi uzunluğu 8,9 min km təşkil edir, ondan 3,9 min km-i Rusiya ərazisindədir. Ümumi gücü sutkada 1,2-1,4 milyon bareldir.