Ukrayna ballistik raketlərin istehsalını sürətləndirəcək
04 İyul 2026
Ukrayna ballistik raketlərin və raket əleyhinə müdafiə sistemlərinin sınaqlarını və istehsalını sürətləndirəcək.
RBK-Ukraynanın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Zelenski rəsmi paylaşdığı açıqlamada Ukraynanın müdafiə-sənaye kompleksinin imkanlarının xüsusi şəkildə qiymətləndirildiyini və bunun nəticəsində raket proqramının sürətləndirilməsi ilə bağlı konkret qərarlar qəbul edildiyini deyib.
"Raket proqramımızı inkişaf etdirən, xüsusilə də effektiv Ukrayna ballistik raketləri və raket əleyhinə müdafiə sistemi üzərində çalışan bütün mütəxəssislərimizə təşəkkür edirəm", – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, iclas zamanı beynəlxalq tərəfdaşlardan hava hücumundan müdafiə sistemlərinin tədarük qrafiki və həcmləri də ayrıca müzakirə olunub.
Onun sözlərinə görə, yaxın günlərdə Ukrayna diplomatlarının əsas vəzifəsi ölkənin şəhərlərini qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələrinin cəlb edilməsinə nail olmaq olacaq.
"Yaxın günlərdə bütün diplomatik fəaliyyətimizin, bütün görüş və danışıqların əsas prioriteti məhz Ukrayna üçün hava hücumundan müdafiə sistemləri olacaq", – deyə Zelenski vurğulayıb.