Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ABŞ-yə İran PUA-ları ilə mübarizə texnologiyalarını verib

ABŞ Səudiyyə Ərəbistanındakı əsas aviabazada İran pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün Ukrayna texnologiyalarından istifadə etməyə başlayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, söhbət "Prince Sultan" bazasında yerləşdirilmiş "Sky Map" idarəetmə sistemindən gedir.

Agentlik qeyd edir ki, Ukrayna hərbçiləri amerikalı həmkarlarına sistemlə işləməyi öyrətmək üçün bazaya gəliblər. O, İranın "Shahed"ləri də daxil olmaqla, düşmənin PUA-larını aşkar etmək və tutucu dronların köməyi ilə cavab tədbirlərini əlaqələndirmək üçün istifadə olunur.

Bununla belə, "Reuters" qeyd edir ki, bir ay əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Vaşinqtona İran dronları ilə mübarizədə kömək etmək təklifini açıq şəkildə rədd edərək, belə bir yardıma ehtiyac olmadığını bildirmişdi.

Yaxın Şərqdə münaqişə başlayandan bəri "Prince Sultan" bazası dəfələrlə İran tərəfindən dron və raket zərbələrinə məruz qalıb. Xüsusilə, E-3 AWACS uzaqmənzilli radiolokasiya aşkaretmə təyyarəsi məhv edilib, həmçinin KC-135 yanacaqdolduran təyyarələri zədələnib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə bütün Fars körfəzi ölkələri cəlb edilib, bu da eyni zamanda Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər, bu atəşkəsin müddəti aprelin 21-dən 22-nə keçən gecə başa çatıb. Tərəflər Pakistanda münaqişənin nizamlanması üzrə danışıqlar keçirməyə çalışıblar, lakin aprelin 11-12-də keçirilən birinci raund heç bir nəticə verməyib.

Tehrana təzyiq vasitəsi olaraq ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində İran Hörmüzun artıq Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün blokadaya alındığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Onun sözlərinə görə, qərar Pakistan rəhbərliyinin xahişi ilə qəbul edilib və danışıqların başa çatmasına və vasitəçilərin münaqişənin nizamlanması üzrə vahid təklifinin hazırlanmasına qədər qüvvədə olacaq. Eyni zamanda Tramp ABŞ hərbçilərinə İran limanlarının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı tapşırıb.