Trampdan İrana ultimatum: "Vaxt bitir…"
29 Yanvar 2026
ABŞ prezidenti Donald Tramp böyük bir hərbi donanmanın İrana yollandığını bildirib. Bu haqda o, "Truth Social" şəbəkəsində yazıb.
"İrana doğru nəhəng bir Armada gedir. O, böyük güc, həvəs və məqsədlə sürətlə irəliləyir. Bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır, başında güclü təyyarədaşıyan gəmi dayanıb", – Tramp yazıb.
"Ümid edirəm, İran tezliklə danışıqlar masasına əyləşəcək, ədalətli və bərabər saziş üzrə danışıqlar aparacaq, NÜVƏ SİLAHI OLMAYACAQ, bütün tərəflər üçün bu yaxşıdır. Vaxt bitir…", – postda bildirilir.
Əraqçi Uitkoffla son günlər təmasda olmadığını deyir
İranın xarici işlər naziri deyir ki, son günlər ABŞ prezidentinin elçisi Stiv Uitkoff ilə heç bir təması olmayıb, İran danışıqlar aparılması üçün müraciət etməyib.
ISNA-nın yazdığına görə, Abbas Əraqçi yanvarın 28-də hökumətin iclası çərçivəsində jurnalistlərə bu haqda danışıb.
"Əlbəttə, vasitəçi qismində çalışan, məsləhətləşmələr aparan ölkələr var, onlarla əlaqədəyik", – nazir deyib.
A.Əraqçi vurğulayıb ki, "ABŞ danışıqlar aparmaq istəyirsə, təhdid mühitində danışıqlardan söhbət gedə bilməz". Onun sözlərinə görə, danışıqların öz prinsipləri var, bərabər mövqedə, qarşılıqlı hörmət əsasında aparılmalıdır.
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
İran İsrailin "Mossad" kəşfiyyat xidməti üçün casusluqda ittiham olunan bir nəfəri edam edib. Məlumatı yanvarın 28-də dövlət mediası yayıb. Bu, bir aydan da az müddətdə casusluq ittihamı ilə ikinci edamdır.
Ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyi bildirib ki, Həmidrza Sabet İsmayılpur casusluqda təqsirli bilinərək edam edilib. O, 2025-ci ilin aprelində həbs olunub. Sabetin məxfi sənədləri İsrailə ötürdüyü, 2022-ci ildə Müdafiə Nazirliyinə məxsus raket obyektlərini hədəf alan diversiya əməliyyatlarında iştirak etdiyi bildirilir.
Yanvarın 7-də oxşar casusluq ittihamı ilə İranda Əli Ərdestani edam olunub. Dövlət mediasının iddiasına görə, o, kriptovalyuta qarşılığında "Mossad" agentlərinə məlumat ötürdüyünü etiraf edib. Hüquq müdafiə təşkilatları uzun illərdir İranı zorla etiraflar almaqda ittiham edirlər.
Pompeo: İranla danışıq aparmaq mümkün deyil
ABŞ-nin keçmiş dövlət katibi, Donald Trampın birinci prezidentlik dövründə bu vəzifəni icra etmiş Mayk Pompeo deyir ki, ABŞ İran rəhbərliyi ilə razılaşmaya ümid bağlamamalıdır.
"Fox News"a müsahibəsində Pompeo bildirib ki, onun fikrincə, İslam Respublikası yalnız güc yolu ilə geri çəkilə bilər.
O, müsahibənin bir hissəsini X hesabında paylaşıb: "İran diktaturası razılaşma istədiyini deyə bilər, amma bu rejimi hakimiyyətdə saxlayan istənilən razılaşma mahiyyətcə regional təhlükəsizliklə uyğun gəlmir. Bu, danışıqlar aparıla bilən rejim deyil".
Pompeo ABŞ-nin İrana doğru hərbi gəmilər göndərməsini alqışlayıb, bu ölkədə insanların öz talelərini müəyyən edə bilməsi üçün İran hökumətinə xaricdən ABŞ-nin güclü təzyiqi saxlamasının vacibliyini vurğulayıb.
Tramp İranın danışıqlar aparmaq istədiyini deyir
Yanvarın 27-də ABŞ-nin təyyarədaşıyan qrupunun Yaxın Şərqə çatdığı bildirilib. Bu arada İrana mümkün zərbə ehtimalı ilə bağlı gərginlik artır. İnsan haqları qrupları etirazların yatırılması zamanı minlərlə insanın həlak olduğunu bildirir.
Bu arada İranın milli valyutası rial dollar qarşısında tarixi minimuma enib. Yanvarın 27-də bir dollar 1.5 milyon riala bərabərləşib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehrana qarşı hərbi əməliyyatlara ehtiyac qalmayacağına ümid edir. O, regiona hərbi donanma da göndərib, hava zərbələri variantını da istisna etməyib. Tramp etirazçılara zorakılıq baş verərsə, buna cavab veriləcəyini demişdi. İranda etirazlar isə sərt şəkildə yatırılıb.
ABŞ-də yerləşən HRANA hüquq-müdafiə təşkilatı artıq təsdiqlənmiş ölü sayının 6 min 126 nəfər olduğunu bildirib. 17 min 91 ölüm halı isə araşdırılır.
Müxtəlif media orqanları anonim mənbələrə istinadla bu sayı xeyli yüksək göstərir.
D.Tramp yanvarın 26-da "Axios"a müsahibəsində deyib ki, Tehranın gerçəkdən razılaşma əldə etmək istədiyini düşünür: "Onlar razılaşma bağlamaq istəyirlər. Bunu dəqiq bilirəm. Dəfələrlə zəng ediblər. Onlar danışmaq istəyirlər".