Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Səhnədən cəbhəyə: Balet rəqqası Ukraynada müharibədə

Müharibədən öncə balet onun həyatı idi. İndi isə serjant Oleksandr Duşakov Ukrayna Milli Qvardiyasının şərq cəbhəsindəki bölmədə kəşfiyyatçıdır.

"Balet rəqqası idim. Rəsmi indi də eləyəm. Uşaqlıqdan bu işlə məşğulam, bu bizim ailə sənətidir", – Duşakov Kupyansk yaxınlığındakı meşəlikdə AzadlıqRadiosuna müsahibəsində deyib. Bu şəhər Xarkov vilayətində yerləşir, Rusiya qüvvələrinin təzyiqi altındadır. Bu arada Moskvanın genişmiqyaslı işğalı artıq dördüncü ilinə yaxınlaşır.

"Nənəm, babam rəqs ediblər. Anam da rəqs edəcəkdi, amma görmə problemi vardı. O vaxt kontakt linzalar yox idi deyə, müşayiətçi oldu... Amma o da balet rəqqasıdır. Həyat yoldaşım balerinadır, qızım da artıq balerina olub", – Duşakov danışır.

2022-ci il fevralın 24-də Rusiya qüvvələri Ukrayna sərhədini və Donbas bölgəsindəki təmas xəttini keçəndə 41 yaşlı Duşakov orduya könüllü yazılıb. Müxtəlif peşələrdən olan yüz minlərlə ukraynalı kimi...

Həmin səhər Parisdə idi, tamaşa göstərəcəkdilər. Gecəni isə Kiyevdəki ailəsi üçün narahat keçirmişdi: "Onlardan gələn ilk mesajları xatırlayıram. Çox qorxulu idi, müharibəni uzaqdan izləmək daha pisdir".

"Orada qala bilməzdim"

Duşakovun həyat yoldaşı və qızı sonradan Vilnüsə gediblər. O isə martda Kiyevə qayıdıb. Onda Ukrayna qüvvələri artıq Rusiya qoşunlarını paytaxtın kənarından geri sıxışdırmağa başlamışdılar. Bu, Putinin tələsik qələbə gözləntilərini alt-üst etdi, uzunmüddətli müharibənin əsasını qoydu.

Duşakov əvvəlcə hərbi qeydiyyat şöbəsinə gedib. "Orada məlumatlarımı götürdülər, dedilər ki, zəng edəcəklər. Amma heç zəng etmədilər", – o xatırlayır.

"Sadəcə otura bilməzdim. Könüllü kimi fəaliyyətə başladım, hücumlardan sonra dağıntıları təmizləyirdim. Tezliklə teatr yenidən açıldı və öz peşəmə – Kiyev Uşaq və Gənclər üçün Bələdiyyə Akademik Opera və Balet Teatrında rəqqas işimə qayıtdım", – Duşakov əlavə edir.

O, eyni vaxtda işğalın başlanmasından sonra yaradılmış mülki Ərazi Müdafiə Dəstələrindən birinə də qoşulur. 2023-cü ilin yazına doğru o, orduya keçir, Milli Qvardiyanın bölməsinə qoşulur. Deyir, həmin bölmə ömrü boyu göbələk yığdığı yerlərin yaxınlığında yerləşirdi: "Bir neçə təlim kursu keçdim, payızda briqadamız Luqansk və Donetsk vilayətlərinin sərhədindəki meşədə döyüşlərə girdi. Orada doqquz ay qaldım".

Adrenalinin gücü

Duşakov üçün ilk həftələr və aylar çox çətin keçib. Axı, genişmiqyaslı işğaldan öncə o, heç silah daşımamışdı. Bu, "heç vaxt döyüşməmiş bir döyüşçünün ön cəbhədə adaptasiya dövrü" idi. Amma o, cəsarətini uşaqlığından vurğunu olduğu bir yerdən – meşədən alır.

"Psixoloji tənəzzül anlarında, hər şeyin bitdiyini düşündüyüm vaxtlarda meşə mənə dəstək verirdi. Onu canlı bir varlıq kimi qəbul edirdim. Mənə nə vaxt getməyi, nə vaxt getməməyi, hara getməyi deyirdi. Bunun sübutu isə odur ki, hələ də sağam", – o danışır.

Bəs, balet rəqqası təcrübəsi ona müharibədə kömək edibmi? Bu suala Duşakov tərəddüdsüz "əlbəttə" cavabını verir: "Koordinasiya, gərəkən anda düzgün gücdən istifadə bacarığı. Və digər çox vacib bir məsələ: bir sənətçi kimi adrenalinin gücünü tanıyıram. Səhnəyə çıxanda və çox həyəcanlı olanda adrenalin avtomatik işə düşür".

O, sağ qalmasını həm yaxşı hərbi hazırlığa, həm də bəxti gətirməyə bağlayır. Ukrayna ordusunda isə təlim görmüş hərbçilər çatışmır, çünki çoxu həlak olub, ya da ön cəbhədə vuruşurlar.

"Bəxtim gətirdi ki, ilk həftə, ikinci həftə, üçüncü həftə sağ qaldım", – o deyir.

Bəzi silahdaşlarının bəxti gətirməyib.

Duşakov olduğu bölmədə ölənlər və yaralananlar barədə detallı danışmır. Kiyev də itkiləri açıqlamır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) iyunda yaydığı hesabata görə, 2022-ci ilin fevralından 60 min – 100 min arası Ukrayna hərbi qulluqçusu həlak olub.

Güclü, gözəl insanlar ölürlər

Duşakov danışır ki, ətrafındakıların ölümü müəyyən qədər adiləşib, amma bununla barışmır: "Bəziləri bunu çox ağır qəbul edir, bəziləri isə heç vecinə almır deyə, əsəbiləşirsən. Şəxsən mən bir vaxtlar belə bir keçid yaşadım və bundan utandım".

"Əlbəttə, güclü, gözəl insanların ölümü faciədir. Amma içimdə bir hissə artıq bunun müharibə olduğunu qəbul edib, müharibədə insanlar ölürlər. Və heç kim bundan sığortalanmayıb", – o əlavə edir.

Duşakov müharibə bitəndən sonra balet karyerasına qayıtmaq istəyir, amma o qədər də ümid etmir, "çünki finiş xəttini görmürəm" deyir: "Orduya qoşulanda hamımız ümid edirdik ki, müharibə tezliklə bitəcək. Amma zaman keçdikcə başa düşürəm ki, bu, bilinməyənləri çox olan bir tənlikdir. Artıq elə yaşdayam ki, peşəmdə təqaüdə çıxa bilərəm".