Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada VPN-li cihazları aşkarlamaq istəyirlər

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi internet şirkətlərinə müştəri cihazlarında VPN xidmətlərinin aşkarlanması üzrə metodik təlimat göndərib. Məlumatı RBK sənədə istinadla yayıb.

Nazirlik VPN-in mövcudluğunu üç mərhələdə yoxlamağı "tövsiyə edir":

- Cihazın IP ünvanını müəyyən etmək və onu Rusiya IP ünvanları, həmçinin bloklanmış IP ünvanları siyahısı ilə tutuşdurmaq.

- Cihazın öz tətbiqi vasitəsilə bloklamalardan yayınma alətlərindən istifadə edib-etmədiyini yoxlamaq.

- "Windows" və "MacOS" kimi əməliyyat sistemlərində işləyən cihazlarda VPN-dən istifadəni yoxlamaq.

iOS-da çətin olacaq

Sənəddə deyilir ki, "iPhone" smartfonlarının əməliyyat sistemi olan iOS-da ikinci mərhələnin icrası çətin olacaq, çünki bu sistemdə parametrlərə çıxış əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. T-bankın məlumatına görə, 2024-cü ilin sonunda Rusiyada smartfonların 42%-i iOS ilə işləyirdi.

iOS-da bütün üçüncü tərəf tətbiqlər "sandbox" (izolyasiya olunmuş mühit) daxilində işləyir. Bu mexanizm tətbiqlərin digər tətbiqlərdə saxlanılan məlumatları toplamasının, dəyişdirməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Məsələn, "Wildberries" (Rusiyanın rəqəmsal platforması) bloklamaları aşmaq üçün quraşdırılmış başqa bir tətbiqdən məlumat əldə edə bilməz.

VPN vasitəsilə platformalarına çıxışı məhdudlaşdırmasalar...

Rəqəmsal İnkişaf Nazirliyi daha öncə bildirmişdi ki, Rusiyada VPN istifadəsinin azaldılması üçün iş aparır. Qurum mobil operatorlara "Apple ID" balansının artırılması imkanını deaktiv etməyi tapşırıb. Belə bir qərar layihəsi hazırlayıb ki, IT şirkətləri VPN vasitəsilə öz platformalarına çıxışı məhdudlaşdırmasalar, onların məhsullarının cihazlarda öncədən quraşdırılması hüququ ləğv olunsun.

Martın sonunda Rusiya hakimiyyətinin onlayn trafikin analiz və filtrasiya sistemini genişləndirmək niyyəti də üzə çıxıb. 2030-cu ilə qədər nazirlik bu sistemin ötürmə qabiliyyətini 2.5 dəfə artıraraq saniyədə 954 terabitə çatdırmağı planlaşdırır.

"Bu, gerçəkdən çox böyük rəqəmdir. Bu göstərici ən böyük platformaların trafikini yetərincə sıxışdıra bilər", – kiberhüquqşünas Sarkis Darbinyan belə deyir.