Rusiyada FTX-ya interneti söndürmək hüququ veriləcək
29 Yanvar 2026
Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinin (FTX) rabitəni məhdudlaşdırmaq səlahiyyətlərini genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul edib. "Rabitə haqqında" qanuna dəyişikliklər parlamentə noyabrda təqdim edilib. Layihədə FTX-ya təhlükəsizliyin təmin edilməsi məqsədilə təkcə mobil rabitənin deyil, stasionar interneti də söndürmək səlahiyyəti verilir. Rabitə operatorları isə bu halda abonentlər qarşısında maddi məsuliyyətdən azad edilir.
Sənədin izahat hissəsində deyilir ki, qanun layihəsi Rusiya FTX-sının fəaliyyət istiqamətləri üzrə təhlükəsizliyin təmin edilməsi, terrorçuluqla mübarizədə münasibətlərin tənzimlənməsinə yönəlib. Nəzərdə tutulan tədbirlərin sosial-iqtisadi, maliyyə və digər mənfi nəticələrə, eləcə də biznesə hər hansı zərər vurmayacağı bildirilir.
Sənədin ilkin müzakirəsi zamanı rəqəmsal inkişaf nazirinin müavini İvan Lebedev bildirib ki, bu dəyişikliklərə ehtiyac rabitə operatorlarına qarşı çoxsaylı məhkəmə iddialarından yaranıb. O, dron hücumları zamanı mobil rabitənin işini məhdudlaşdırmağın vacibliyini də vurğulayıb.
Rusiyada dron hücumları fonunda mobil internet vaxtaşırı məhdudlaşdırılır. Təkcə regionlarda deyil, Moskva və Sankt-Peterburq da daxil, iri şəhərlərdə də fasilələr qeydə alınır. Hakimiyyət orqanları bunu prezidentin səfərləri və Qələbə Günü paradının məşqləri zamanı təhlükəsizliyin təmin olunması ilə izah edir.
Daha öncə oxşar məhdudiyyətlər taksi xidmətlərinin, çatdırılma sistemlərinin, onlayn bankların işində problemlərə səbəb olub, şirkətlərin narazılığına yol açıb.