Rusiyada bir ildə miqrant uşaqların sayı 25 faiz azalıb
29 Yanvar 2026
Rusiyada bir il ərzində xarici vətəndaş olan yetkinlik yaşına çatmayanların sayı təxminən 25 faiz azalıb. Açıqlamanı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk verib.
Volk detalları açıqlamayıb. Son bir neçə ildə Rusiyada miqrasiya qanunvericiliyi sərtləşdirilib. Miqrant uşaqların rus dili imtahanı vermədən məktəblərə qəbulu yasaqlanıb, valideynlər Rusiya ərazisində qanuni qaldıqlarını təsdiqləməyə məcbur edilib. Nəticədə ötən ilin sentyabrında xarici vətəndaşların uşaqlarının 87.5 faizi məktəblərə qəbul ola bilməyib.
DİN təmsilçisi xatırladıb ki, 2026-cı il yanvarın 28-dən nazirlik ilə təhsil qurumları arasında xarici uşaqlarla bağlı məlumat mübadiləsi üzrə qanun qüvvəyə minir. Dediyinə görə, bu yenilik yetkinlik yaşına çatmayan əcnəbilərin Rusiyada qalmasına nəzarət məqsədi daşıyır. Gələcəkdə bu məlumatlar əcnəbinin rəqəmsal profilinə daxil ediləcək.
"DumaBinqo" layihəsi hesablayıb ki, 2021-ci ildən bəri Dövlət Duması 73 antimiqrasiya qanun layihəsinə baxıb. Onlardan 38-i 2024-cü ildə "Krokus"dakı terror aktından sonra müzakirə olunub. Əsas qanunlardan biri Rusiyada miqrasiya qanunvericiliyini pozan bütün xarici vətəndaşların salındığı, nəzarət olunan şəxslər reyestri olub. Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2025-ci ilin oktyabrında DİN-in məlumatlarına istinadla deyib ki, sentyabrın 1-dək bu reyestrdə 770 min miqrant olub, onların üçdə birini qadınlar və uşaqlar təşkil edib.