Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya sülh danışıqlarında sərt mövqeyini dəyişmir - Dmitriyev Putinə məruzə edəcək

Kreml Ukraynada sülh danışıqları ilə bağlı sərt mövqeyini dəyişmir, Kiyev və Avropa müttəfiqlərinin təklif etdiyi dəyişiklikləri rədd edir. Həftəsonu Floridada iki gün ərzində ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqları başa çatıb.

Floridada tərəflər danışıqları "konstruktiv" adlandırıb. Amma ayrı-ayrı keçirilən görüşlərdə hansısa proqres əlaməti gözə çarpmayıb.

Rusiyanı danışıqlarda Kirill Dmitriyev təmsil edib. Moskvada isə prezident Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə deyib ki, dönüş gözləməsinlər. Onun sözlərinə görə, Dmitriyev sadəcə Moskvaya qayıdaraq dekabrın 22-də Putinə məruzə edəcək.

"Amerikalılar bu günlər Milad keçirirlər. Çox adam işə getmir", – Uşakov söyləyib.

"O, (Dmitriyev) amerikalıların avropalılardan və urkaynalılardan aldığı bəzi siqnalları gətirəcək", – Rusiya mediası Uşakova istinadla yazır.

Uşakovun iddiasına görə, Kiyev və onun avropalı müttəfiqlərinin təklif etdiyi dəyişikliklər sülh şanslarını artırmır. O, konkret təklifləri görmədiyini də söyləyib.

"Produktiv və konstruktiv"

Dekabrın 21-də axşam ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff X-də yazıb ki, Rusiya ilə danışıqlar "produktiv və konstruktiv" keçib: "Rusiya Ukraynada sülhün əldə olunmasına tam sadiqdir. Rusiya Birləşmiş Ştatların Ukrayna münaqişəsinin həlli, qlobal təhlükəsizliyin yenidən bərqərar olunması yönündə səylərini və dəstəyini yüksək dəyərləndirir".

Ukrayna diplomatlarına başçılıq edən Rustem Umerov isə Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ komandası ilə görüşüb. Umerov ABŞ-yə səfəri zamanı Avropadan əsas müttəfiqlərlə də görüşüb. O, sosial mediada görüşlərin "produktiv və konstruktiv" keçdiyini yazıb.

"ABŞ-Ukrayna formatında ayrıca konstruktiv görüş keçirilib", – o deyib. Söhbət 20-bəndlik sülh planından, təhlükəsizlik zəmanətlərindən, iqtisadi inkişaf məsələlərindən gedir.

Tramp noyabrda Kiyevə 28-bəndlik təklifi qəbul etməsi üçün təzyiq göstərməyə başlayıb. Tənqidçilər planın Rusiyanın xeyrinə olduğunu deyiblər. Sonradan Ukrayna Avropa müttəfiqlərinin köməyi ilə plana dəyişikliklər edib. Məlumatlara görə, indi plan 20 bənddən ibarətdir, Kiyevin mövqeyi daha çox nəzərə alınır.

Bu arada Rusiya Ukraynada dinc sakinlərin yaşadığı ərazilərə və infrastruktura hərbi hücumları davam etdirir.

Oğurlananların yeri bəlli deyil

Dekabrın 21-də Ukrayna Rusiyanı Sumı vilayətində dinc sakinləri oğurlamaqda ittiham edib. Ukrayna hakimiyyəti Rusiya ilə həmsərhəd Sumıdan əhalini köçürərkən bu ittihamı səsləndirib.

Ukraynanın ombudsmanı Dmitro Lubinets rusiyalı həmkarı Tatyana Moskalkovaya yazdığını, oğurlanan ukraynalılar barədə informasiya tələb etdiyini deyib. O, kömək üçün Qırmızı Xaça da müraciət etdiyini bildirib.

"Beynəlxalq ictimaiyyəti... Ukraynadan dinc əhalinin qanunsuz deportasiyasını dayandırmağa çağırıram", – o deyib.

Xarici işlər naziri Andriy Sibiqa daha çox yaşlıların aparıldığını bildirib.

"Rusiya işğalçıları sərhəd Sumı vilayətinin kiçik Qrabovskoye kəndindən 60-dan çox dinc sakini, əsasən, yaşlı qadınları oğurlayıblar", – o, sosial mediada yazıb.

Nazir bunun "hərbi cinayət" olduğunu bildirib.

Dekabrın 22-də səhər isə Ukrayna Rusiyanın Krasnodar vilayətinə dron zərbəsi gerçəkləşdirib. Yerli rəsmilər Volna terminalında yanğın başladığını deyiblər.

Ukrayna Krasnodara mütəmadi zərbələr endirir, enerji aktivlərini hədəfə alır. Kiyev bu obyektlərin Kremlin apardığı müharibəni yanacaq və maliyyə ilə təmin etdiyini bildirir.