Rusiya Orta Asiyada məktəblər açır – "Uşağımın iş imkanları yaxşı olar"
04 İyun 2026
2022-ci ildə Tacikistanın cənubundakı Boxtar şəhərində yeni rusdilli məktəb açılanda minlərlə sakin övladlarını ora yazdırmağa tələsib. Həmin il Tacikistanda Rusiyanın maliyyə dəstəyi ilə beş belə məktəb fəaliyyətə başlamışdı.
Boxtardakı məktəb XVIII əsr rus alimi Mixail Lomonosovun adını daşıyır və Rusiyanın 150 milyon dollarlıq dövlət layihəsinin bir hissəsidir. Amma bu qapalı təhsil müəssisəsi ərazidəki digər binalardan kəskin fərqlənir. Müasir üçmərtəbəli binanı gecə-gündüz xüsusi formalı mühafizəçilər qoruyur, qarşısında isə Rusiya və Tacikistan bayraqları dalğalanır.
Moskvanın Tacikistanda və ümumilikdə Orta Asiyada məktəbləri maliyyələşdirməsi regionda uzunmüddətli təsirini qorumaq cəhdi kimi qiymətləndirilir. Çünki bu bölgəyə eyni zamanda Çin nüfuz edir, Qərbin də buraya marağı getdikcə artır.
Boxtardakı rusdilli məktəbdə mindən çox şagird təhsil alır. Tikintidə çalışan Muxtorun böyük qızı da onların arasındadır. 42-yaşlı Muxtor oğlunu da bu məktəbə yazdırmaq istədiyini və siyasətlə maraqlanmadığını deyir: "Mənim üçün əsas məsələ uşaqlarımın gələcəyidir. Bu məktəb Rusiyadakı universitetlərə və orada daha yaxşı iş imkanlarına yol aça bilər".
2022-ci ildə Tacikistanda açılan beş rusdilli məktəbdə təxminən 6 min şagird təhsil alır. Bu məktəblər Rusiya təhsil standartları ilə işləyir və tədris əsasən rus dilində aparılır. Təhsil proqramı, mərasimlər və rəmzlərdə Rusiyanın dili ilə mədəniyyəti əsas yer tutur.
"Uzunmüddətli təsiri təmin etmək"
AzadlıqRadiosunun müxbiri Farangiz Nəcibullah yazır ki, Moskva Orta Asiyada rusdilli təhsili genişləndirmək üçün yüz milyonlarla dollar xərcləyir, yeni məktəblər tikir, universitetləri maliyyələşdirir və mədəniyyət mərkəzləri açır. Bu arada region ölkələri milli dilləri təşviq edir, gənclər isə ikinci dil kimi getdikcə daha çox ingilis və ya çin dilinə üstünlük verirlər.
Buna baxmayaraq, Rusiyada işləmək imkanları və ali təhsil perspektivlərinə görə rusdilli təhsilə tələbat hələ də yüksəkdir. Rus dili regionda dövlət idarəçiliyi və biznes sahələrində geniş istifadə olunur.
"Moskva yeni məktəblər vasitəsilə növbəti nəsli hədəfləyir və regionda uzunmüddətli təsirini təmin etməyə çalışır", – bunu Tacikistanda fəaliyyət göstərən bir siyasi analitik deyir. Onun sözlərinə görə, gənc ortaasiyalılar sovet dövrünü xatırlamır, Qərb və Çin təsirlərinə daha çox məruz qalırlar.
Hər ölkəyə fərqli yanaşma
Rusiya Orta Asiyada onlarla təhsil layihəsini maliyyələşdirir. Ən iri layihələrdən biri Bişkekdə yerləşən Qırğızıstan-Rusiya Slavyan Universitetinin 200 milyon dollarlıq yeni kampusudur. Moskva Qırğızıstanda bir neçə yeni rusdilli orta məktəb tikməyi də vəd edib.
Qazaxıstanda rus dili qazax dili ilə yanaşı rəsmi statusunu saxlayıb. Burada Moskvanın diqqəti daha çox ali təhsil və peşə hazırlığına yönəlib. Vladimir Putin mayın 28-də bildirib ki, hazırda 60 minə yaxın qazaxıstanlı tələbə Rusiyada təhsil alır və Rusiyanın səkkiz aparıcı ali məktəbinin Qazaxıstanda filialı fəaliyyət göstərir.
Özbəkistanda hökumətin özbək dilini əsas tədris dili kimi təşviq etməsinə baxmayaraq, rusdilli təhsil ali təhsil və texniki sahələrdə populyarlığını qoruyur. Türkmənistanda isə xarici təhsil təşəbbüsləri ciddi nəzarət altında olsa da, Rusiya ilə təhsil əlaqələri davam edir.
Dil və milli kimlik
Rusiyanın təhsilə yatırımları Orta Asiya ölkələrinin milli dil və kimlik siyasətlərini gücləndirdiyi dövrə təsadüf edir. Bu proses Sovet İttifaqının dağılmasından sonra başlasa da, son illərdə daha da sürətlənib.
Dil və milli kimlik məsələləri vaxtaşırı mübahisələrə səbəb olur. Qırğızıstanda Bişkekin sovet dövründən qalan rayon adlarının dəyişdirilməsi müzakirə ediləndə rusiyalı siyasətçilər və şərhçilər bunu ortaq tarixin silinməsi, rusdillilərə qarşı ayrıseçkilik adlandırıblar. Rusiya rəsmiləri Qırğızıstanda rus dilinin ictimai həyatda rolunun azaldılması ilə bağlı müzakirələrə də sərt reaksiya veriblər. Rus dili bu ölkədə də rəsmi statusunu qoruyur.