Rusiya Fon der Lyayenin təyyarəsinə müdaxilə etdiyi bildirilir
02 Sentyabr 2025
Bolqarıstan bildirib ki, Plovdiv şəhərindəki hava limanında GPS naviqasiya sistemləri Rusiyanın müdaxiləsi nəticəsində sıradan çıxarılıb, nəticədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin təyyarəsi ilə əlaqə kəsilib. Hadisə həftəsonu eniş zamanı baş verib.
Sofiya hökuməti sentyabrın 1-də bu haqda açıqlama yayıb. Məlumatda deyilir ki, hava limanının nəzarət qülləsi təyyarənin GPS siqnalını itirib, lakin təyyarə GPS-dən asılı olmayan yerüstü naviqasiya sistemləri vasitəsilə təhlükəsiz eniş edib.
Avropa İttifaqı (Aİ) rəsmiləri avqustun 31-də baş vermiş hadisəni təsdiqləyiblər. "Bolqarıstan hakimiyyətindən bu vəziyyətin Rusiyanın açıq-aşkar müdaxiləsi ilə bağlı ola biləcəyi barədə məlumat almışıq", – onlar deyiblər.
Avropa Komissiyasının baş sözçü müavini Arianna Podesta deyib: "Biz, əlbəttə ki, Rusiyanın düşməncəsinə davranışının daimi tərkib hissəsi olan təhdidlərə və qorxutmalara bələdik və buna müəyyən qədər öyrəşmişik".
Rusiya rəsmiləri bu ittihamlarla bağlı, hələlik, açıqlama verməyiblər.
Ursula Fon der Lyayen Rusiya prezidenti Vladimir Putinin və Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalının açıq tənqidçisidir. O, hazırda Rusiya və müttəfiqi Belarusla sərhəddə yerləşən Aİ ölkələrində dördgünlük səfərdədir.
Podesta bildirib ki, "insident prezidentin ön cəbhədə yerləşən üzv dövlətlərdə gerçəkləşdirdiyi missiyanın vacibliyini bir daha göstərir".
"Bu hadisə bizim müdafiə qabiliyyətimizi gücləndirməyə, Ukraynaya dəstəyimizi artırmağa sarsılmaz öhdəliyimizi daha da möhkəmləndirəcək", – o əlavə edib.