Rusiya Bankı "Euroclear"a 18.1 trilyon rublluq iddia qaldırıb
16 Dekabr 2025
Rusiya Mərkəzi Bankı Belçikanın "Euroclear" depozitariyasına 18.1 trilyon rubl dəyərində iddia qaldırıb.
Rusiya Bankı bildirib ki, dekabrın 12-də Moskva Arbitraj Məhkəməsinə "Euroclear"a qarşı iddia ərizəsi təqdim edir. İddiaya səbəb kimi "Euroclear" depozitariyasının Rusiya Bankına zərər vuran "qanunsuz" hərəkətləri, Avropa Komissiyasının Rusiya Bankının aktivlərindən birbaşa və ya dolayı istifadə mexanizmlərini nəzərdən keçirməsi göstərilir.
Dekabrın 12-də Avropa İttifaqı (Aİ) Rusiya Bankının Aİ ərazisindəki aktivlərini qeyri-müəyyən müddətə dondurub. Söhbət 210 milyard avro məbləğində aktivlərdən gedir. Bu məbləğin təxminən 190 milyard avrosu "Euroclear"da saxlanılır.
Avropa Komissiyası bu vəsaitləri Rusiya Ukraynaya müharibədə vurduğu ziyanı kompensasiya edəcəyi halda, Moskvaya qaytarmağı nəzərdə tutur. Belçika Rusiya aktivlərindən istifadəyə qarşı çıxıb. Belçika hakimiyyəti dəfələrlə bildirib ki, Moskva aktivlərin qaytarılmasını məhz Brüsseldən tələb edəcək. Buna görə də onlar bir sıra şərtlər, mümkün risklərə görə Aİ ölkələrinin birgə məsuliyyətinə təminat tələb ediblər.
Dondurulmuş Rusiya aktivlərindən növbəti iki ildə Ukraynaya "reparasiya" kreditinin maliyyələşdirilməsində istifadə olunacaq. Mediaya görə, təklif olunan kreditin məbləği 165 milyard avrodur. Bu krediti "Euroclear"da saxlanılan Rusiya aktivlərindən 140 milyard avro və özəl banklarda dondurulmuş daha 25 milyard avro ilə təmin etmək planlaşdırılır. Vəsaitdən 115 milyard avronun Ukraynanın müdafiə sənayesinin maliyyələşdirilməsinə, 50 milyard avronun isə büdcə xərclərinin qarşılanmasına yönəldilməsi nəzərdə tutulur.