Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Putinin Donbası ələ keçirmək istəyi güclənir

"The Financial Times" qəzetinin yazdığına görə, Rusiya hərbi komandanlığı prezident Vladimir Putini Donbasın tam işğalının payıza qədər başa çatacağına inandırıb. Nəşr məlumatı Rusiya lideri ilə təmasda olmuş iki mənbəyə, vəziyyətdən xəbərdar daha iki şəxsə və Ukrayna kəşfiyyatının qiymətləndirməsinə istinadən yayıb.

Müzakirələrdən agah olan üç mənbənin verdiyi məlumata görə, Putin Donbas regionu tamamilə ələ keçirildikdən sonra atəşkəs danışıqlarında Moskvanın tələblərini kəskin şəkildə artırmağı hədəfləyir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitskinin fikrincə, Kreml Donbasda uğur qazanarsa, növbəti tələblər Zaporojye və Xerson vilayətlərinin Rusiyaya verilməsi olacaq. Hər iki vilayətin əhəmiyyətli hissəsi hazırda Ukraynanın nəzarətindədir.

Putinlə birbaşa ünsiyyətdə olmuş iki mənbənin bildirdiyinə görə, onun Donbası ələ keçirmək istəyi getdikcə güclənir. Bu, onun müharibənin ilkin mərhələlərində nümayiş etdirdiyi mövqedən kəskin şəkildə fərqlənir. Həmin dövrdə Rusiya lideri özəl söhbətlərdə döyüş əməliyyatlarını mövcud cəbhə xətti boyunca dondurmağa hazır olduğunu deyirdi.

"Mən daim onun indiki cəbhə xəttində dayanmasında israr edirəm. Amma o, hər dəfə deyir: "Xeyr, mən kompromisə gedə bilmərəm", - mənbələrdən biri bildirib.

Ukrayna kəşfiyyatı: Rusiya kritik infrastruktura hava hücumuna başlayıb

Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə qarşı kombinə edilmiş və uzunmüddətli hava hücumuna başlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) mayın 13-də gündüz saatlarında məlumat yayıb.

Eyni zamanda, Rusiyadan Ukraynaya yüzlərlə dronun buraxıldığı barədə xəbərlər daxil olur. Monitorinq kanallarının yazdığına görə, dronlar Belarusla sərhədin şimal-şərq istiqamətindən Ukraynanın Kiyev, Çerkası, Jitomir və Xmelnitski vilayətlərinə doğru irəliləyir.

QUR-un məlumatına əsasən, hücumun ilk mərhələsində Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərini yükləmək məqsədilə dronlardan istifadə edir. Növbəti mərhələdə isə energetika obyektlərinə, hərbi-sənaye kompleksi müəssisələrinə və dövlət qurumlarının binalarına qanadlı və ballistik raketlərlə zərbələr endirilməsi planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski bu gün yeni hücum dalğalarının mümkünlüyü barədə xəbərdarlıq etmişdi. Rusiya tərəfi isə hələlik QUR-un açıqlamalarına münasibət bildirməyib.

"Telegram" kanalları mayın 13-də havada 200-dən çox Rusiya dronunun aşkar edildiyini yazır. Dağıntılar və itkilərlə bağlı hələlik məlumat yoxdur.

Mayın 12-dən 13-nə keçən gecə Rusiya Ukraynanın bir neçə vilayətinə yüzdən çox zərbə dronu buraxıb.