Özünüzü qoruyun - Avropada TPO tərkibli gel dırnaq boyası qadağan olunur
02 Sentyabr 2025
Sentyabrın 1-dən Avropada tərkibində TPO olan gel dırnaq boyasından istifadə yasaqlanır. Gelin ultrabənövşəyi, yaxud LED lampası altında tez qurumasına imkan verən trimetilbenzoyl fosfin oksid (TPO) Avropanın qara siyahısında yer alıb. Bu oksidin reproduksiya üçün ziyanlı olması ortaya çıxıb.
Ustalara təhlükəsiz alternativlərdən istifadə tövsiyə olunur.
Avropa İttifaqının (Aİ) qaydasında deyilir ki, bu məhsulun mövcud ehtiyatları da yığışdırılmalıdır, qalan məhsulun satılması üçün heç bir istisna nəzərdə tutulmayıb. Aİ-nin bu il mayında dərc olunmuş "Omnibus VII" adlı qaydasının məqsədi CMR, yəni reproduksiya üçün kanserogenik, mutagenik, yaxud toksik sayılan bütün maddələri bazardan yığışdırmaqdır.
ABŞ, Kanada, Avstraliya kimi yerlərdə isə TPO qadağası yoxdur. Aİ zonasından kənarda Mərakeş də artıq belə bir qadağa elan edib.
Finlandiya gözəllik salonlarına mövcud ehtiyatlarını işlədib qurtarmağa icazə verib.
Aİ üzvü olmayan İsveçrə də tərkibində TPO olan dırnaq məhsullarını qadağan edir. Minlərlə gözəllik salonu üçün bu bir neçə min frank dəyərində məhsulun sıradan çıxarılması deməkdir.
Azərbaycanda da manikür zamanı gel dırnaq boyasından geniş istifadə olunur. Bu məhsulların tərkibində TPO olması haqda hansısa yoxlamanın aparılıb-aparılmadığı bəlli deyil.