Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxılıb

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi mayın 17-də Tehrandakı "Pars" xəstəxanasının koronar reanimasiya şöbəsindən evə buraxılıb. Məlumatı Nərgiz Məhəmmədinin fondu yayıb.

Məhəmmədi mayın əvvəlində paytaxt Tehrandan təxminən 330 kilometr qərbdə yerləşən Zəncan həbsxanasından xəstəxanaya aparılmışdı. Həmin vaxt qardaşı Həmidrza Məhəmmədi AzadlıqRadiosunun fars xidmətinə onun "ölüm həddində" olduğunu bildirmişdi. Sonradan ailəsi öz vəsaiti hesabına onu Tehranda xəstəxanaya köçürüb.

İranda qadın hüquqları uğrunda mübarizəsinə görə 2023-cü ildə Nobel Sülh Mükafatı alan fəal son 10 ilin böyük hissəsini həbsxanalarda keçirib. O, sonuncu dəfə 2025-ci ilin dekabrında Məşhəd şəhərində keçirilən anım mərasimi zamanı yenidən nəzarətə götürülmüşdü.

"Anam xəstəxananın reanimasiya şöbəsindən buraxılsa da, tam sağalması üçün həbsxana divarlarından kənarda ciddi tibbi nəzarət lazımdır", – Məhəmmədinin qızı Kiana Rəhmani bəyanatında bildirib.

"Onun yenidən zindana qaytarılması ölüm hökmünə bərabərdir. Biz onun azadlıqda qalmasını, bütün əsassız ittihamların birdəfəlik ləğv olunmasını təmin etməliyik. İnsan hüquqları fəaliyyəti cinayət deyil və heç bir hüquq müdafiəçisi buna görə cəzalandırılmamalıdır", – Rəhmani əlavə edib.