Logo
news content
User
Kateqoriyalar

Xəbər

Naxçıvan Muxtar Respublikasına Hücumun Stateji Mənası: Siyasi Qiymət Gecikməməlidir

5 mart 2026-cı il tarixdə İran Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirildi. Hücum nəticəsində mülki infrastruktur zədələndi və hava limanının fəaliyyəti müvəqqəti iflic vəziyyətinə düşdü.

Hadisə hərbi əməliyyatların aparıldığı münaqişə zonasında baş vermədi. Azərbaycan ilə İran arasında müharibə vəziyyəti mövcud deyildi və diplomatik münasibətlər rəsmi şəkildə davam edirdi. Bu səbəbdən hadisə klassik hərbi insident çərçivəsindən çıxaraq strateji siqnal xarakteri daşıyır.

Hücumun siyasi kontekstini daha da diqqətəlayiq edən məqam onun zamanlamasıdır. Azərbaycan rəhbərliyi İranın ali liderinin vəfatından sonra dərhal rəsmi başsağlığı vermiş, İran səfirliyinə dövlət səviyyəsində səfər etmiş və humanitar yardım göndərilməsini planlaşdırmışdı.

Bu fonda baş verən hücum diplomatik jestlər ilə hərbi davranış arasındakı ciddi uyğunsuzluğu göstərir və region dövlətlərinin təhlükəsizlik davranışını qiymətləndirərkən nəzərə alınmalı olan mühüm indikatorlardan biri kimi çıxış edir.

Naxçıvan Muxtar Respublikasının hava limanına endirilən dron zərbəsi Azərbaycanın mülki və hərbi infrastrukturunun mövcud hava müdafiə arxitekturasında müəyyən boşluqların mövcudluğunu da üzə çıxardı.

Bu hadisə göstərdi ki, müasir təhlükə yalnız klassik aviasiya və raket sistemlərindən ibarət deyil. Kiçik ölçülü, aşağı uçuş profilli və radar imzası zəif olan pilotsuz sistemlər hava müdafiəsinin ən zəif nöqtələrini hədəf ala bilir.

Bu baxımdan hücum təkcə təhlükəsizlik insidenti deyil — o, Azərbaycanın hava və raketdən müdafiə doktrinasının yenidən qiymətləndirilməsini tələb edən strateji siqnaldır.

Müasir hava müdafiəsi effektiv müdafiə sistemi üç elementin inteqrasiyasını tələb edir:

• erkən aşkarlama
• real vaxt izləmə
• avtomatlaşdırılmış və koordinasiyalı cavab mexanizmi

Bu komponentlərin vahid komanda-nəzarət arxitekturasında birləşdirilməsi müasir hava təhlükələrinə qarşı əsas müdafiə şərtidir.

Hücumun Hüquqi Xarakteri

Hadisənin hüquqi qiymətləndirilməsi üçün əsas beynəlxalq çərçivələr kifayət qədər aydındır.

BMT Nizamnaməsinin 2(4)-cü maddəsi dövlətlərin digər dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiqini qadağan edir.

1949-cu il Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun 52-ci maddəsi mülki obyektlərə hücumları qadağan edir və hava limanları, əks sübut olmadığı halda, mülki obyekt hesab olunur.

Roma Statutunun 8-ci maddəsi müdafiəsiz mülki obyektlərə hücumu müharibə cinayəti kimi təsnif edir.

Bu hüquqi çərçivələr göstərir ki, mülki hava limanına qarşı dron zərbəsi prima facie olaraq beynəlxalq hüququn ciddi pozuntusu kimi qiymətləndirilə bilər.

Hücumun bütün texniki detalları istintaq nəticəsində müəyyən ediləcək. Lakin beynəlxalq münasibətlər praktikasında siyasi qiymət hüquqi prosedurun tamamlanmasını gözləmir.

Belə hücumlar çox vaxt yalnız fiziki zərbə deyil, həm də strateji test funksiyası daşıyır.

Bu tip əməliyyatlar adətən iki əsas parametri sınaqdan keçirir:

  1. hədəf dövlətin müdafiə arxitekturasının effektivliyi

  2. siyasi reaksiyanın sürəti və qətiyyəti

Beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, adekvat siyasi reaksiya verilmədikdə potensial təcavüzkarların risk hesablaması dəyişir və yeni təxribatların ehtimalı artır.

Bu səbəbdən strateji çəkindiricilik yalnız hərbi texnologiyalarla deyil, həm də siyasi iradənin açıq nümayişi ilə formalaşır.

Azərbaycanın istifadə edə biləcəyi diplomatik və hüquqi platformalar kifayət qədər genişdir.

Bunlara daxildir:

• BMT Təhlükəsizlik Şurası
• ATƏT
• Avropa Şurası
• ikitərəfli diplomatik kanallar

Bu platformalarda hadisənin mülki infrastruktura qarşı hücum kimi sənədləşdirilməsi və beynəlxalq tərəfdaşların mövqe bildirməyə çağırılması mümkündür.

Belə addımlar yalnız hüquqi məsuliyyət məsələsi deyil, həm də regional təhlükəsizlik balansının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Naxçıvan hava limanına endirilən dron zərbəsi regionda təhlükəsizlik risklərinin xarakterinin dəyişdiyini göstərən mühüm hadisədir.

Bu epizod üç əsas nəticəni önə çıxarır:

Birincisi, mülki infrastruktura qarşı hücum beynəlxalq hüququn açıq pozuntusudur və bu fakt siyasi müstəvidə dərhal qiymətləndirilməlidir.

İkincisi, müasir təhlükəsizlik mühiti pilotsuz sistemlər kimi yeni texnologiyaların hava müdafiə doktrinalarına yenidən baxılmasını tələb edir.

Üçüncüsü, strateji çəkindiricilik yalnız hərbi imkanlarla deyil, siyasi mövqenin aydınlığı və beynəlxalq platformalarda ardıcıl fəaliyyətlə formalaşır.

Beynəlxalq siyasətdə təhlükə çox vaxt gözlənilməz istiqamətlərdən gəlir. Onun qarşısını alan əsas amil isə təkcə hərbi güc deyil, vaxtında və prinsipial şəkildə verilmiş siyasi və strateji cavabdır.

Qeyd etməliyəm ki, baş vermiş teror aktı ilə əlaqədar 5 mart 16:00 radələrində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Azərbaycanın Silahlı Qüvvələrinə - Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və digər bütün Xüsusi Təyinatlı Qüvvələrə bir nömrəli səfərbərlik vəziyyətinə gətirilmə əmri verildi.

Ceyhun Xəlilov

Yeni Texnologiyaların İnkişafına Dəstək

ictimai birliyinin sədri