Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

AMB-nin İdarə Heyəti uçot dərəcəsini 7.00%-ə, faiz dəhlizinin aşağı həddini 6.00%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8.00% səviyyəsində sabit saxlayıb.

Qeyd edilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

AMB vurğulayıb ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.

Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.

Mərkəzi Bank əlavə edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir: “Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir”.