Logo
news content
User
Kateqoriyalar

Xəbər

Melonidən Trampa ağır cavab: "Mənim dərdim sizə qalmayıb"

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampın ona qarşı "davamlı və heç bir əsası olmayan hücumlarını" mənasız adlandırıb.

Bu barədə o, "Instagram" hesabında paylaşım edib.

Bundan əvvəl ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazmışdı ki, Corcia Meloninin İrana qarşı ABŞ-nin hərəkətlərini dəstəkləməkdən imtina etməsi səbəbindən onun İtaliyadakı reytinqləri aşağı düşür. "O, populyarlığını artırmaq üçün mənimlə yenidən dostlaşmaq istəyir", - deyə Tramp bildirib.

Buna cavab olaraq Meloni vurğulayıb ki, Trampla dostluq ona heç də kömək etməyib. İtaliya hökumətinin başçısı qeyd edib ki, onun ictimai dəstəyi milli maraqları qorumaq bacarığından asılıdır. O əlavə edib ki, İtaliya ərazisində yerləşən ABŞ hərbi bazalarından istifadə həmişə əməl edilən və onun baş nazir olduğu müddətdə pozulmayacaq razılaşmalarla tənzimlənir.

"Mənim populyarlığımın qayğısına qalmağa ehtiyac yoxdur. Sizə öz populyarlığınıza diqqət yetirməyi tövsiyə edirəm", - deyə Meloni bildirib.

Tramp və Meloni arasında gərginlik ABŞ prezidentinin Fransada keçirilən "Böyük yeddilik" sammiti zamanı İtaliya hökumətinin başçısının ondan birgə şəkil çəkdirməyi xahiş etdiyini və onun da bunu "yazığı gəldiyi üçün" qəbul etdiyini deməsindən sonra daha da artıb. Meloni isə bu iddianı "tamamilə uydurma" adlandırıb.

Bundan sonra İtaliyanın xarici işlər naziri Antonio Tayaninin ABŞ-yə planlaşdırılan səfəri ləğv edilib. O, Vaşinqtonda dövlət katibi Marko Rubio ilə görüşməli idi.

"Prezident Trampın Baş nazir Corcia Meloniyə qarşı kobud və təhqiramiz ifadələri bütün İtaliya xalqına qarşı hörmətsizlikdir", - deyə Tayani bildirib.

Qeyd edək ki, Donald Tramp bundan əvvəl dəfələrlə İtaliyanın baş naziri ilə münasibətlərinin çox yaxşı olduğunu bəyan edib. Meloni 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olub.