Mayamidə mer seçkilərində son 28 ildə ilk dəfə demokrat namizəd qalib gəlib
11 Dekabr 2025
Demokratlar Partiyasının namizədi 28 ildən sonra ilk dəfə Mayami meri seçkilərində qalib gəlib. İlkin məlumatlara görə, 61 yaşlı Eylin Hiqqins Respublikaçı Partiyasının namizədi Emilio Qonsalesi təxminən 20 faiz fərqlə məğlub edib. ABŞ prezidenti Donald Tramp Qonsalesi açıq dəstəkləyirdi.
Mayami əhalisini daha çox Kuba, Venesuela, Nikaraqua və digər Latın Amerikası ölkələrdən mühafizəkar baxışlı immiqrantlar, onların nəslindən olanlar təşkil edir. Müşahidəçilər bu şəhərdə demokratların qələbəsini Respublikaçılar Partiyasına xəbərdarlıq sayırlar. Hiqqins seçki kampaniyasını Donald Trampın miqrasiya siyasətinin tənqidi üzərində qurmuşdu.
"Vəzifəli şəxslərdən özəlliklə immiqrantlara qarşı qeyri-insani ritorika görürük. Mayami sakinləri bunu rədd etməyə hazır idilər", –Hiqqins "Associated Press"ə deyib.
Hiqqins ABŞ-nin ən bahalı şəhərlərindən olan Mayamidə əlçatan yaşayış sahələrinin genişmiqyaslı tikintisinə başlamağı vəd edir.
Demokratın qələbəsini Konqresdə Mayamini təmsil edən respublikaçı Mariya Salazar da narahatlıqla qarşılayıb. O deyir ki, seçiciləri sərhəddə təhlükəsizlik və sağlam iqtisadiyyat istəyir, eyni zamanda, illərlə Amerikada yaşayan və cinayət törətməmiş insanlara müəyyən yumşalmaları da dəstəkləyir.
Mayaminin əhalisi təxminən 500 min nəfərdir. Bu şəhər 2024-cü il prezident seçkilərində D.Trampın Kamala Harris üzərində böyük üstünlüklə qalib gəldiyi Mayami-Deyd dairəsinin bir hissəsidir. Bundan öncə payızda iki ştatda qubernator və Nyu-Yorkda mer seçkilərində demokrat namizədlər qalib gəlib. Bütün bunlar demokratlara gələn ilin payızında Konqresə aralıq seçkilərində qələbə qazanmağa ümid verir. Respublikaçılar hazırda hər iki palatada cüzi üstünlüyə malikdirlər.