Lukaşenko: KTMT Ermənistanla münasibətlərdə korrekt olmalıdır
06 Aprel 2026
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla qarşılıqlı əlaqələrdə korrekt yanaşmaya riayət etməlidir.
BELTA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Talatbek Masadikovla görüşündə bildirib.
Onun sözlərinə görə, KTMT-nin əsas problemli məsələlərindən biri iştirakçı ölkələrin Ermənistanla qarşılıqlı münasibətləridir.
"Ermənistanla işdə daha korrekt və diqqətli olmalıyıq. Bilirsiniz ki, Ermənistan sanki KTMT-dəki işi dəstəkləmir, lakin eyni zamanda təşkilatda qalır. Çox korrekt olmaq lazımdır. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusən də seçki dövründə (yayda parlament seçkiləri keçirilməlidir. - red.). Heç də asan vəziyyət deyil. Buna görə də biz Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq", - o bildirib.
Belarus Prezidenti KTMT-nin Baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşün təşkil edilməsinin zəruriliyini qeyd edərək, həmçinin Ermənistan tərəfinin mövqeyini dinləməyə çağırıb.
"Xüsusilə də indi, Ermənistan rəhbərliyinin vəziyyət, o cümlədən KTMT xətti barədə dürüst və açıq danışacağı bu kəskin seçki dövründə", - deyə Belarus rəhbəri bildirib.