Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov: İrana zərbələrə baxmayaraq, "Ankoric anlaşması"na inanırıq

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını pisləyən Moskva Ukraynadakı müharibəyə son qoymaq üçün ABŞ ilə əməkdaşlığa sadiqdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 5-də belə deyib.

Rusiya ABŞ və İsrailin İrana zərbələrini kəskin tənqid edib, onları "təcavüz" adlandırıb. Amma ABŞ ilə digər məsələlərdə əməkdaşlıqdan imtina etməyib, prezident Vladimir Putin hələlik, son hadisələri şərh etməyib.

Lavrovun sözlərinə görə, Moskva Ukrayna ilə Amerikanın iştirakı ilə üçtərəfli danışıqlarla ABŞ-nin İran və Venesueladakı hərəkətləri arasında paralellər aparmır. "Hazırda bu danışıqların həm də bir örtük olmasından şübhələnməyə heç bir səbəb görmürük, çünki amerikalı həmkarlarımızla birbaşa əlaqə saxlayırıq", – Lavrov bildirib.

"Rusiyanın ciddi kompromislərə getməsi"

Lavrov əlavə edib ki, Rusiya ötən il Alyaskada Rusiya və ABŞ prezidentlərinin görüşündə əldə olunmuş anlaşmalara sadiq qalır. Ukrayna münaqişəsinin həllinə yanaşmalarda əldə olunmuş konsensus "Rusiyanın ciddi kompromislərə getməsini nəzərdə tutur", - o deyib.

Rusiya rəsmiləri əvvəllər "Ankoric ruhu"ndan danışırdılar. Lavrovun sözlərinə görə, "ruh bir atmosferdir; o, yoldaşcasına, qarşılıqlı hörmətə əsaslanan və konstruktiv olub. Ancaq ruh yoxa çıxır".

Ankoricdəki görüşdən sonra heç bir rəsmi sənəd qəbul edilməyib. Media xəbərlərində deyilirdi ki, Rusiya təmsilçiləri "Ankoricin ruhu" (və ya indi Lavrovun dediyi kimi, "anlaşmalar") deyəndə Donbasın bütünlükdə Rusiyanın nəzarətinə keçməsi ehtimalını nəzərdə tuturlar. Rusiyanın Ankoricdəki müzakirələrdə digər regionlarda tutduğu ərazilərin bir hissəsini Ukraynaya qaytarmağa, Xerson və Zaporojye üzərində nəzarətdə israr etməməyə razılaşdığı iddia olunur.

Bu həftə Əbu-Dabidə danışıqlar olmalı idi

Ukrayna isə mövcud cəbhə xətti boyunca atəşkəsdə israr edir. Ukrayna Prezidenti Volodimir Zelenski bunu İtaliyanın RAI televiziyasına müsahibəsində bir daha vurğulayıb.

Bu həftə Ukrayna, Rusiya və ABŞ arasında yeni üçtərəfli görüş planlaşdırılırdı. Görüşün Əbu-Dabidə keçiriləcəyi açıqlanmışdı. Zelenskinin dediyinə görə, Kiyev Yaxın Şərqdəki müharibə səbəbindən ABŞ ilə görüşün yerinin və vaxtının dəyişdirilməsini müzakirə edib. Amma görüşün nə vaxt keçirilə biləcəyi açıqlanmayıb.

Martın 4-də ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin sülh yolu ilə həllinin onun prioritetlərindən biri olaraq qaldığını deyib. Onu da əlavə edib ki, Putin və Zelenski arasındakı "nifrət" razılaşmaya mane olur.

Rusiyanın Ukraynada işğalçı müharibəsi artıq beşinci ilə keçib. Təhlilçilər son həftələrdə Rusiya qoşunlarının Ukraynadakı irəliləyişinin xeyli səngidiyini bildirirlər.