Kriptorubl – Rusiyanın sanksiyalardan yayınma üsulu?
06 Dekabr 2025
Kriptovalyuta mayninqi Rusiyanın yeni ixrac sahəsinə çevrilib. Bu açıqlamanı Rusiya prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin verib.
Rusiya Mərkəzi Bankı isə vətəndaşların ehtimal edilən "Bitcoin" ehtiyatlarını qiymətləndirib –sentyabrın sonuna bu məbləğ 597 milyard rubl (7.86 milyard dollar) olub. "Ethereum" üzrə təxminən 154 milyard rubl, digər kriptovalyutalar üzrə – 209 milyard rubl. Yəni toplam təxminən bir trilyon rubl (13.16 milyard dollar).
AzadlıqRadiosunun rus xidməti – "Radio Svoboda" A7A5 adlı kriptovalyutaya diqqət çəkir. İyulda onun toplam dövriyyəsi 41.2 milyard dollar, avqustda 51.2 milyard dollar təşkil edib. "Chainalysis" xidməti bildirir ki, noyabrda A7A5 ilə 79 milyard dollarlıq əməliyyat aparılıb. Mütəxəssislər bunu çox böyük dövriyyə sayırlar. Kriptovalyutanı "A7 MMC" yaradıb. Bu şirkətin Vladivostokdakı filialının açılışını videobağlantı vasitəsilə prezident Vladimir Putin edib.
"Chainalysis"in milli təhlükəsizlik və kəşfiyyat bölməsinin rəhbəri Endrü Firmanın fikrincə, "A7A5 tokeni sanksiyalardan yayınmaqdan ötrü unikal vasitədir".
Amma "Radio Svoboda" yazır ki, söhbət təkcə sanksiyalardan yan keçməkdən getmir. Ekspertlər deyirlər ki, Kreml Qərb banklarının və ABŞ dollarının üstünlük təşkil etdiyi sistemdən kənarda paralel maliyyə sistemi qurmaq istəyir.
Getdikcə Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların pozulmasına, onlardan yayınmaya görə cinayət məsuliyyəti tətbiq edir. Avropa İttifaqı (Aİ) 2024-cü ilin yazında belə bir direktiv qəbul edib.
Aİ ölkələri bir sıra əməllərə görə də cəza tətbiq etməlidir: sanksiya altında olan şəxsin ixtiyarına və ya xeyrinə birbaşa və ya dolayı yolla maliyyə vəsaitləri, iqtisadi resurslar vermək; Aİ sanksiyaları ilə qadağan edilmiş və ya məhdudlaşdırılmış maliyyə xidmətləri, maliyyə fəaliyyəti göstərmək; Aİ sanksiyaları ilə yasaqlanmış və ya məhdudlaşdırılmış digər xidmətləri göstərmək.
Hindistanla ticarət dövriyyəsində kəskin artım
Amma sanksiyalara baxmayaraq, Hindistan Rusiyadan neft alışını davam etdirir. Rusiya rublunun kursuna bağlı kriptovalyuta vasitəsilə idxalı qurur. Avropa Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskinin yüksək olduğu ölkələr siyahısına salıb.
Dekabrın 5-də Vladimir Putin böyük bir nümayəndə heyəti ilə Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Hindistan sanksiyalara və ABŞ prezidenti Donald Trampın rüsumlarına baxmayaraq, Rusiya üçün əsas ticarət tərəfdaşlarından biridir. Neft idxalı üzrə o, Çindən sonra ikinci yeri tutur.
BBC son beş ildə Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsinin kəskin artdığını yazır. Bunun təxminən dörd ili müharibə dövrünə düşüb. "Radio Svoboda" ticarət dövriyyəsinin təxminən 8.5 dəfə artdığını hesablayıb.
Rusiyanın VTB bankı Hindistanda filial açıb. "Reuters" yazır ki, "Gazprombank" və "Alfa-Bank" da bunu etmək istəyir. Lakin sanksiyalardan yan keçərək malların ödənilməsi üçün daha qeyri-ənənəvi üsullar da mövcuddur və Rusiya hökuməti də bu yolları aktiv şəkildə araşdırır, qismən leqallaşdırır.
İqtisadçı Boris Qrozovski radioya deyir ki, kriptovalyuta heç də bütün məhdudiyyətləri aşaraq sakitcə ticarət etməyə imkan verən sehrli çubuq deyil: "Amma sanksiyalar da daim gecikir... Fərz etsək ki, sanksiyalar sürətlə, operativ tətbiq olunur, maliyyə axınları izlənir, bu halda kripto müəyyən dövr üçün işlək ixrac-idxal sxemlərinin təşkilinə imkan verə bilər. Sonra isə sanksiya qoyan orqanlar bunu bağlayırlar".