Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda internet məhdudiyyətləri 70 gündür davam edir

İranda artıq 70-ci gündür internetə genişmiqyaslı məhdudiyyət hökm sürür. Bunu dünyada internet bağlantısının monitorinqini aparan "NetBlocks" xidməti mayın 8-də bildirib.

Məlumata görə, internetin kəsilməsi və xidmətlərə məhdudiyyətlər ən çox yardıma ehtiyacı olan insanlara – əlilliyi olan şəxslərə, tələbələrə, kiçik bizneslərə zərər vurur.

İran hökuməti internetin kəsilməsini fevralın 28-də ABŞ və İsraillə müharibə başlayandan sonrakı təhlükəsizlik vəziyyəti ilə izah edir.

Tənqidçilər və ekspertlər isə müharibəni əsl səbəb saymırlar. Onların fikrincə, bu, sadəcə insanları qlobal internet əvəzinə İranın daxili Milli İnformasiya Şəbəkəsinə üz tutmağa məcbur etmək üçün bəhanədir.

Çox yüksək qiymətə internet xidməti təklif edirlər

AzadlıqRadiosunun fars xidmətinin məlumatına görə, hökumət rəsmiləri və hakimiyyətə yaxın şəxslərin internetə çıxışı qalır. "Ağ SIM kartlar", yəni xüsusi icazəli kartlar verilən şəxslər də bu sıradadır.

Bu arada bəzi telekommunikasiya operatorları son vaxtlar müəyyən peşə və sosial qruplara çox yüksək qiymətlərlə "səviyyəli" internet xidmətləri təklif etməyə başlayıblar.

"NetBlocks"un məlumatına görə, aprelin 5-də İranda internet kəsintisi ölkədə ən uzunmüddətli internet blokadasına çevrilib.

İnternetə məhdudiyyətlərin geniş iqtisadi və sosial zərərə səbəb olması haqda məlumatlar geniş yayılıb, bəzi yerli media orqanları, hətta hökumət rəsmiləri belə bu barədə danışmağa başlayıb. Lakin internet blokadasına görə heç bir qurum və ya rəsmi şəxs məsuliyyəti üzərinə götürməyib və ya rəsmi izahat verməyib.