İlham Əliyev Şamaxı rayonuna səfər edib
23 Mart 2026
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib.
Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısına kompleks barədə məlumat verdi.
Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.
Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.
Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.
Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.
Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.
Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük "Karusel" tipli süd sağımı, həmçinin "Paralel" sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.
Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.
Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün "AfiCollar" elektron boyunbağlarından istifadə olunur.
Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, "Dry Age" otağına malik ət kəsimi məntəqəsi yaradılıb.
Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.
Prezident İlham Əliyev martın 23-də Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına liseydə yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.
Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.
Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa edilib.
Qeyd edək ki, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib.
Paytaxt Bakı ilə yanaşı, bölgələrdə bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

