Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüz bağlandı, dünya ehtiyat yığmağa başladı: şpris, benzin, prezervativ

Hazırda bir sıra ölkələr istehlakçıların xam neftdən tutmuş, tibbi şprislərə qədər müxtəlif məhsulları ehtiyat yığmasının qarşısını almağa və bununla da qıtlıq riskini önləməyə çalışır. "The Financial Times" qəzeti pandemiya dövründəki həyəcanlı alış-verişləri xatırladan səhnələrdən bəhs edir.

İran müharibəsi başlayan kimi Hörmüz boğazı bağlanan anda Cənubi Koreya sakinləri plastik zibil torbalarını yığmağa başlayıblar. Avstraliyada isə benzin kanistrləri boşalırdı – kənd yerlərində sürücülər və fermerlər yanacaq ehtiyatlarını ələ keçirirdilər. Çində ötən ay mümkün prezervativ qıtlığı barədə sosial media paylaşımları yayılmışdı.

Qəzet hökumətlərin məsələyə müdaxilə etməyə məcbur olduğunu vurğulayır. Məsələn, Cənubi Koreyada polis şpris ehtiyatı saxladığı şübhəsi ilə şirkətlərə qarşı reydlər keçirib. Naften çatışmazlığı tibbi təchizata təhdid yarada bilər. Hindistanda isə onlayn inflüenserlər biletlə "Diet Coke" partiləri təşkil edirlər – bu içkinin məhdud miqdarda olması ona yeni prestij qazandırıb.

FT yazır ki, koronavirus pandemiyası dövründə tualet kağızı qıtlığı yaranmışdı, lakin o zaman panikanın qarşısını almaq mümkün olmuşdu. İndi isə neft və digər əsas malların qlobal qıtlığı getdikcə daha real hala çevrilir. Ailələr, şirkətlər və hökumətlər ehtiyatlarını artırmağa çalışırlar.

İqtisadçılardan tövsiyələr

Qəzetə açıqlama verən iqtisadçılar istehlakçıların bu davranışını təbii sayırlar. Onların fikrincə, hökumətlər mümkün qədər prosesə müdaxilə etməməlidirlər. Bunun əvəzinə bəzi mexanizmlər tətbiq edilə bilər – məsələn, qiymətlərin qaldırılması insanların davranışını dəyişməyə vadar edər.

OECD-nin baş iqtisadçısı Mauro Pisu deyir: "İstehlakçıların doğru hesab etdikləri kimi davranmasına, düzgün qiymətlərlə üzləşməsinə imkan vermək lazımdır".

Lakin bir çox hökumətlər bunun əksini edir. OECD-nin monitorinq apardığı azı 50 ölkədə yanacaq vergiləri azaldılıb və ya qiymətlərin qalxmasının qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq edilib. Pisu vurğulayır ki, bu halda istehlakçılar qısa müddətdə məmnun qala bilərlər, lakin bu addım qıtlığı daha da gücləndirəcək.

İqtisadçıların digər tövsiyəsi əhalini ehtiyatların kifayət qədər olmasına inandırmaqdır. Məsələn, Avstraliya ötən həftə ölkənin quru yanacaq ehtiyatlarını gücləndirmək üçün 10 milyard dollarlıq bir paket açıqlayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələri endirməyə başladıqdan sonra Tehran Vaşinqtonun Fars körfəzindəki müttəfiqlərinə raket və dron hücumları həyata keçirib və Hörmüz boğazını faktiki olaraq bağlayıb. Müharibəyə qədər dünya neft və qaz tədarükünün 20 faizi məhz bu boğazdan keçirdi.

Aprelin 8-dən etibarən tərəflər arasında atəşkəs qüvvədədir və sülh planına dair təkliflər mübadiləsi aparılır.