Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistan üç istiqamətdən Kəşmir bölgəsinə hücuma keçib, Pakistan ordusu cavab verib

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.

Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri “ARY News”a bildirib ki, Hindistan üç bölgədən hücuma keçib.

Onun sözlərinə görə, mülki infrastruktura  raket zərbələri nəticəsində biri uşaq olmaqla azı üç nəfər ölüb.

Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb.

Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb.

"Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq".

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.

Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.

Bu barədə “Samaa TV” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.