Hesabat: Şumlanmayan sahələrə subsidiya verilib
23 Aprel 2026
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu və uyğunsuzluqlar aşkar edib.
Bu barədə məlumat Palatanın "Dövlət auditi" rəsmi bülletenində yer alıb. Yoxlamalar 2022-2025-ci illəri əhatə edib.
Hesabatda peyk görüntülərinə istinadən bildirilir ki, 49 əkin bəyanına aid 117 min 454 hektar torpaq sahəsində becərmə (bir sıra hallarda hətta şum) işlərinin müvafiq həddlərdə aparılması təsdiqini tapmadığı halda 19 fermerə ümumilikdə 24.2 milyon manat əkin subsidiyası verilib.
Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında da kəskin fərqlər qeydə alınıb. Vurğulandığına görə, 2023-2024-cü illərdə biçilməyən 44 min 502 hektar sahə üzrə 10 milyon 235.4 min manat əkin subsidiyası ödənilib.
Hələlik hesabata cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Maliyə Nazirliyi də bildirirdi ki...
Hələ ötən il Maliyyə Nazirliyi də əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasında uygunsuzluğa diqqət çəkmişdi.
"Əkin subsidiyasının əmsallarının artırılmasına baxmayaraq, müvafiq bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunur", - nazirlik bəyan edirdi.
Aqrar subsidiyaların verilmə tarixi
Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən — yanacağın qiymət artımı ilə paralel olaraq başlanılıb. Ötən illər ərzində subsidiyaların həcmi vaxtaşırı artırılıb.
Hazırda bitkiçilik üzrə subsidiyaların baza məbləği 200 manat müəyyən edilib Məsələn, 2024-cü ildə buğda üçün əkin əmsalı 1.1, əkin subsidiyasının məbləği isə 220 manat götürülüb. 2025-ci ildən etibarən müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinə görə əlavə 60 manat subsidiyanın veriləcəyi açıqlanıb. Təkrar əkinlərə görə subsidiyalar isə artıq yalnız suvarılan ərazilərə şamil edilir.
Xatırlatma
Hesablama Palatası 2001-ci ildən fəaliyyət göstərir. Hər il Milli Məclisə hesabat verən bu qurum dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq, bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, Palata büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.