Hər parıldayan qızıldır? "Bircə amil artımı tərs çevirə bilər"
15 Oktyabr 2025
Bazar günü qızılın unsiyası (31.1 qram) 4 min 100 dolları keçməklə daha bir rekord qırıb. Bu yüksəliş ABŞ-Çin ticari münasibətlərinə gərginliyin qayıtması, ABŞ-də faiz dərəcəsinin salınması gözləntisi isə izah olunur. Bu arada gümüş də rekord həddə bahalanıb.
Bu il qızılın qiyməti 56 faiz qalxıb. "Blue Line Futures" şirkətindən aparıcı bazar strateqi Filip Straybl "Reuters"ə deyib ki, artım asanlıqla davam edə, "2026-cı ilin sonunadək qiymətlər 5 min dolları keçə bilər".
İqtisadçı artımın yuxarıda sadalanan səbəblərindən başqa mərkəzi bankların davamlı qızıl alışını da göstərir.
Geostrateji cəbhədə isə ABŞ prezidenti Donald Tramp Çinlə ticari gərginliyi yenidən qızışdırıb, dünyanın iki ən böyük iqtisadiyyatı arasında müvəqqəti dinclik başa çatıb.
Qızıl maniyası nə qədər çəkəcək?
"The Financial Times" yazır ki, hazırda bütün dünyada yeni və köhnə investorlar qızıla yatırım edirlər.
Hindistan və Türkiyə kimi ənənəvi "qızılsevən" bazarlardan kənarda da investorlar qızıl külçələri və sikkələr alırlar.
Tokioda "Nihon Material" qızıl mağazası müştərilərə qapılarını açdıqdan cəmi bir saat sonra yeni gələnlər artıq geri qaytarılırdı. 40 yaşlı Kendzi Onuki arxitektura firmasının direktorudur. O, kiçik bir qızıl külçəsi əldə edib, amma hələ bir ay da çatdırılmasını gözləyəcək: "Düşündüm ki, nəyinsə fiziki mövcud olması, onu əlinin içində saxlaya bilmək vacibdir".
Qəzet qızılın bahalanması arxasında əsas səbəbi 2022-ci ildən bəri xüsusilə inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankların rekord sayda qızıl almasında görür. Bu ölkələr rezerv aktivlərini ABŞ dollarından şaxələndirmək istəyirdilər. Zəngin ölkələrdə gələcəkdə borc böhranlarından qorunmaq isə başqa bir amildir.
Dünya Qızıl Şurasının icraçı direktoru Devid Teyt deyir ki, əsas amil maliyyə çöküşü sarıdan qorxu olub. O, qızıl marafonunun ən böyük səbəbini borcla izah edir, amma bəzən qiymətin sürətli artımının məntiqəzidd olduğunu da əlavə edib.
Gözlər ABŞ-də
Əsas proseslər ABŞ-də gedir. Prezident Donald Tramp ölkənin borc öhdəlikləri üzrə xərclərini azaltmaqdan ötrü mərkəzi banka uçot dərəcələrini endirmək üçün güclü təzyiq göstərir.
D.Teyt hesab edir ki, ABŞ-nin proqnozlaşdırılan borc səviyyəsi azalsa, bu, qızılın qiymət artımını zəiflədə bilər: "Qiyməti daha da artıran 10 amil varsa, bircə amil bunu tərs çevirə bilər – təbii, cənab Trampın aşağı inflyasiya və yüksək artım templəri ilə bağlı bəxti gətirərsə".
London Qiymətli Metallar Bazarı Assosiasiyasının icraçı direktoru Rut Krouell deyir ki, Federal Ehtiyat Sisteminin (FED) idarə heyətinin üzvü Liza Kuka təzyiq vaxtı qızıl kəskin bahalaşdı, onun işini davam etdirəcəyi ilə bağlı əminlik olarsa, proses səngiyə bilər. Prezident Tramp L.Kuku saxta ipoteka müraciətlərində ittiham edərək işdən kənarlaşdırmağa çalışır.
Digər "soyuducu" amil isə bəzi mərkəzi bankların qızılı satmağa başlaması ola bilər.
"The Financial Times" yazır ki, şirkət səhmlərindən fərqli olaraq, qızıl heç bir mənfəət və ya nağd pul axını yaratmır ki, onun dəyəri ilə müqayisə olunsun. Yaxud istiqraz kimi gəlir gətirmir ki, digər aktivlərin gəlirləri ilə müqayisə edilsin. Onun qiyməti, əsasən, investorların dünyaya ümumi baxışları ilə müəyyən olunur, inflyasiya sarıdan qorxular azalanda bəzən spekulyativ düşüşə də məruz qalır.
Gümüşə gəlincə...
Oktyabrın 13-də gümüşün qiyməti 3.1 faiz artaraq 51.82 dollara yüksəlib. Bu artımı doğuran səbəblər təxminən elə qızılla eynidir.
"Bank of America" təhlilçiləri qızılla yanaşı, gümüş üçün də qiymət proqnozlarını yüksəldiblər. 2026-cı il üzrə qızılın unsiyası üçün 5 min dollara, gümüşün unsiyası üçün isə 65 dollara qaldırıblar. "Forbes" yazır ki, bank yaxın gələcəkdə gümüşə mümkün risklərlə bağlı xəbərdarlıq edib, bildirib ki, likvidlik artdıqca və tələbat azaldıqca qiymətlər dəyişə bilər. Amma investorların gümüşə hələ də üstünlük verəcəyini vurğulayır.