Hər 100 manatın 51-i ərzağa gedir – "Bu, Afrika ölkələrinə yaxındır"
16 May 2026
Dövlət Statistika Komitəsi (DSK) 2026-cı ilin yanvar-aprel ayları üzrə inflyasiya göstəricilərini açıqlayıb. Rəsmi hesabata əsasən, ölkədə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz artıb. Bu müddət ərzində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.7 faiz, qeyri-qida məhsulları 3.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5.7 faiz bahalaşıb.
Aprel ayında əvvəlki ayla (mart) müqayisədə qiymətlərində dəyişiklik qeydə alınan məhsullar:
Bahalaşan qida məhsulları: Qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, süfrə marqarini, qarğıdalı yağı, limon, banan, alma, kivi, ağ kələm, brokkoli, süfrə çuğunduru və kartof.
Ucuzlaşan qida məhsulları: Yumurta, portağal, şabalıd, gül kələmi, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və soğan.
Qeyri-qida sektoru: Tikinti materiallarından sement və kəsilmiş taxta, həmçinin mebel və yuyucu vasitələr bahalaşıb. Zərgərlik məmulatlarının (zinət əşyaları) qiymətində isə ucuzlaşma qeydə alınıb.
Müstəqil ekspertlər rəsmi rəqəmlərin real inflyasiyanı tam əks etdirmədiyi qənaətindədirlər. Onların fikrincə, ölkədə son bir ildə faktiki bahalaşma ikirəqəmli həddə çatıb.
"Hər 100 manatın 50 manatından çoxu qidaya gedir"
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 20.1 milyard manatlıq mal satılıb ki, bunun da 11.2 milyard manatını ərzaq malları, içkilər və tütün məmulatları təşkil edib.
Vəziyyəti şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, cari ilin ilk dörd ayında alıcıların pərakəndə ticarətdə xərclədiyi vəsaitin 50.6 faizi sırf qida məhsullarının payına düşüb: "Biabırçı rəqəmdir. Azərbaycan vətəndaşı ay ərzində xərclədiyi hər 100 manatın 50 manat 60 qəpiyini ərzağa ayırır. Dünyada bu göstərici kasıblıq əlaməti sayılır. İnkişaf etmiş ölkələrdə bu rəqəm cəmi 9-20 faiz arasında dəyişir".
Ekspert qeyd edib ki, Azərbaycanın bu göstəricisi Afrika ölkələrinin (Nigeriyada 58.9 faiz, Keniyada 56.1 faiz) səviyyəsinə yaxındır. Müqayisə üçün: regional qonşulardan Gürcüstanda bu rəqəm 32 faiz, Rusiyada 38 faiz, Ermənistanda isə 42.9 faiz təşkil edir.