Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda adları "əsrin pul yuyulması" işində hallanan iki azərbaycanlı azadlığa buraxılıb

Gürcüstanda rezonans doğurmuş çirkli pulların yuyulması işi üzrə həbslərdən beş ay ötür. 600 milyon ABŞ dollarından çox vəsaitin qanunsuz leqallaşdırılmasında ittiham olunan Kaxa Kotoraşvilinin işi üzrə məhkəmə başlayır. Tbilisi Şəhər Məhkəməsində növbəti iclas martın 19-na təyin edilib.

Təqsirləndirilənin vəkili Edişer Karçava BM.ge-yə deyib ki, müdafiə tərəfi prosessual razılaşmanın bağlanmasına çalışır, amma ittiham tərəfi ilə hələlik razılıq əldə olunmayıb.

Daha öncə ictimaiyyətə iş üzrə ikinci fiqurantın – Eldar Hüseynovun adı bəlli idi. "Exo Kavkaza" yazır ki, iş üzrə daha bir nəfərin də saxlanıldığı bilinib. Karçavanın sözlərinə görə, onların hər ikisi artıq prokurorluqla prosessual razılaşma əsasında azadlığa buraxılıb.

"Gürcüstanda yaşayan azərbaycanlılardır. Bizim iş üzrə iki nəfərin hər ikisinə şərti cəza verilib, azadlıqdadırlar. Onların işi başa çatdırılıb və buraxılıblar", – vəkil belə deyib.

Karçava iddia edib ki, Kotoraşvili yalnız valyuta konvertasiyası ilə məşğul olub, bütün əməliyyatlar şəffaf aparılıb, "adi dövriyyə" xarakteri daşıyıb.

"İnsanlar adi qaydada gəliblər, pul gətiriblər, bizdə dəyişiblər, heç bir mütəşəkkil qrup olmayıb. Bu, adi valyutadəyişmə əməliyyatı idi", – o deyib.

Prokurorun ilk məhkəmə iclasında səsləndirdiyi versiyaya görə, cinayətkar qrupun üzvləri Azərbaycandan Gürcüstana qanunsuz olaraq 59 milyard Rusiya rublu gətirib, həmin vəsait 624 milyon dollara və 35 milyon avroya konvertasiya edilib.

Prokurorluq iddia edir ki, Kotoraşvili Hüseynovla birgə hərəkət edib, məqsəd vəsaitlərin mənşəyini gizlətmək olub.

Kotoraşvili ötən il sentyabrın 16-da 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanıb. Təqsirləndirilən şəxsin lisenziyalı valyutadəyişmə məntəqəsinin olduğu, mənşəyi bəlli olmayan vəsaitlərin toplanması, konvertasiyası və leqal dövriyyəyə daxil edilməsi üçün qanunsuz şəbəkə yaratdığı açıqlanıb.

K.Kotoraşvili susmaq hüququndan istifadə edib. Barəsində həbs-qətimkan tədbiri seçiləndə vəkili deyib ki, istintaq bir ildən çox çəkib, 2024-cü ilin oktyabrından ittiham olunan şəxsə suallar yaransa da, o, gizlənməyə cəhd göstərməyib.

Gürcüstan Milli Bankı Kotoraşvilinin şirkətlərini 2025-ci il dekabrın sonunda 210 min lari (78 min 518 dollar) cərimələyib.