Gömrük borcu olanların ölkədən çıxışı bağlana bilər
30 Aprel 2026
Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
Aprelin 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeni təklifə əsasən, gömrük borcunu ödəməyən şəxslərin və ya şirkət rəhbərlərinin ölkədən çıxışına qadağa qoyula bilər. Belə ki, gömrük orqanlarına borcu olan şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət etmək hüququ verilir.
Bundan başqa, gömrük təmsilçiliyi institutunun yenidən qurulması və bu sahədə imkanların liberallaşdırılmasından bəhs edilir. Bu çərçivədə "gömrük brokeri" anlayışı "dolayı gömrük təmsilçiliyi" termini ilə əvəz edilir.
Layihə Milli Məclisin plenar iclasına çıxarılmadan ictimaiyyət arasında tənqidlərə səbəb olub.
İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində xatırladır ki, uzun müddətdir DGK-nın müstəqil və hərbi rütbəli bir qurum kimi fəaliyyətinə ehtiyac olmadığı müzakirə edilir. Onun sözlərinə görə, çoxdan təklif var ki, qurum ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, hərbi rütbələr ləğv edilsin.
İqtisadçı vurğulayıb ki, amma hazırda bu islahatların əvəzinə DGK-nın səlahiyyətlərini kəskin artıran yeni qərarların qəbulu gündəmdədir.
N.Cəfərli sözügedən dəyişiklikləri məqbul saymır.