Ermənistana məxsus 100-ə yaxın yük maşını Rusiyaya girişdə ilişib qalıb
27 May 2026
Ermənistanda parlament seçkilərinə iki həftə qaldığı bir vaxtda Rusiya bu ölkəyə qarşı iqtisadi məhdudiyyətlər tətbiq edərək yerli məhsulların daxili bazara daxil olmasına qadağa qoyub.
AzadlıqRadiosunun erməni xidməti 100-ə yaxın yük maşınının günlərdir Rusiyaya girişdə dayandığını yazır. Sürücülər "Azatutyun" radiosuna bunun siyasi təzyiq olduğunu deyiblər. Sürücülərdən biri "Bütün bunlar fərqli bir seçim etsək, başımıza nə gələcəyinə dair bir xəbərdarlıqdır", — deyə bildirib.
İyunun 7-də keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanın əsas rəqibləri keçmiş prezident, Rusiyaya yaxın sayılan Robert Koçaryan, rusiyalı erməni milyarder Samvel Karapetyan və nüfuzlu işadamı Qaqik Tsarukyandır. Paşinyanın siyasi müttəfiqləri onları "Rusiyanın agentləri" adlandırırlar. Rusiya prezidenti Vladimir Putin də bir müddət əvvəl Paşinyana rusiyayönümlü müxalif qüvvələrin parlament seçkilərində iştirakına mane olmamaqla bağlı xəbərdarlıq edib.
Ötən həftəsonu Rusiya hakimiyyəti sanitar səbəbləri əsas gətirərək Ermənistanın "Cermuk" mineral su markasının idxalını və satışını tamamilə qadağan edib. Rusiyanın qida təhlükəsizliyi qurumu bildirib ki, Ermənistanın "Jermuk Group" şirkətinin istehsal etdiyi 37 milyon şüşə mineral su Rusiya mağazalarından yığışdırılacaq. Qurum ötən ayın sonlarında "Cermuk" markasının bir milyondan çox digər şüşəsinin satışını da dayandırmışdı.
"Rospotrebnadzor" Ermənistanın daha üç şirkətinə məxsus şərab və konyak məhsullarının idxalına qoyulan qadağanı da bənzər səbəblərlə izah edib.
"İki stul arasında oturmağa çalışanlar..."
Bundan iki gün əvvəl isə "Rosselxoznadzor" Ermənistandan gül idxalına "müvəqqəti məhdudiyyət" tətbiq etmişdi. Bu arada Rusiya rəsmiləri də Yerevana qarşı tənqidləri gücləndirirlər.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Paşinyan artıq həm Rusiyadan iqtisadi fayda götürə, həm də qərbyönlü xarici siyasət yürüdə bilməz.
Hazırda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan keçmiş prezident Dmitri Medvedev isə "Bildiyimiz kimi, iki stul arasında oturmağa çalışanlar sonda ağrılı şəkildə yerə çırpılır", — deyib.
"Azatutyun" yazır ki, Paşinyan Ermənistanın şimal-qərbindəki Şirak vilayətində keçirdiyi seçki kampaniyası zamanı bu hadisələrdən narahat görünməyib. "Mənim üçün həll olunmayan məsələ yoxdur. Hazırda seçki kampaniyası ilə məşğulam. Seçkilərdə etimadınızı qazansam, işimə qayıdıb bütün məsələləri həll edəcəyəm", — o, yerli sakinlərə bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da "Azatutyun"a açıqlamasında "Biz Rusiya tərəfdaşlarımızla işləyirik. Əlbəttə, bütün məsələlər həll olunacaq", — deyib.
Medvedev isə mayın 25-də Paşinyanı Rusiya ilə bütün əlaqələri qoparmağa çalışmaqda ittiham edib. "Görünür, o düşünür ki, biz axmağıq. O, ciddi yanlışlara yol verib və ölkəsi üçün son dərəcə təhlükəli kurs yürüdür", — o, "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
Mirzoyan cavabında vurğulayıb ki, Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər qarşılıqlı münasibətləri kəsmək niyyətində deyil: "Əksinə, biz təbii münasibətlərimizi qorumaq və dərinləşdirmək əzmindəyik, bunu istəyirik və buna çalışacağıq".
Paşinyan Aİİ sammitinə getməyəcək
Rusiya prezidenti V.Putin aprelin 1-də Paşinyana deyib ki, Yerevanın gələcəkdə Avropa İttifaqına (Aİ) qoşulmaq addımları Ermənistanın Rusiyanın rəhbərlik etdiyi ticarət blokunda qalması ilə "uyğun gəlmir". O, daha sonra Ermənistan rəhbərliyinin bu bloklar arasında "mümkün qədər tez" seçim etməli olduğunu diqqətə çatdırıb.
Paşinyan isə bu tələbi faktiki olaraq rədd edib. O bildirib ki, seçkilərdə qalib gələrsə, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla yanaşı, gələcəkdə Avropa İttifaqına üzvlük istiqamətində də çalışacaq. Bununla belə, baş nazir mayın 29-da Qazaxıstanda keçiriləcək Aİİ sammitində iştirak etməmək qərarı verib. Tədbirə onun əvəzinə baş nazirin müavini gedəcək.
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları, alkoqollu və sərinləşdirici içkiləri üçün əsas ixrac bazarı sayılır. Ötən il Ermənistanın Rusiyaya ixracı təxminən 3 milyard dollar təşkil edib. Müqayisə üçün, Ermənistan şirkətləri Aİ ölkələrinə 667 milyon dollarlıq məhsul göndəriblər.
"Azatutyun" "Rosselxoznadzor" əməkdaşlarının artıq bir neçə gündür ki, Ermənistanda olduğunu, erməni həmkarları ilə birlikdə səkkiz istixana və dörd balıq təsərrüfatını yoxladıqlarını yazır. Rusiyanın rəsmi məlumatına görə, bunlar göndərdikləri çiçəklərdə zərərli yad cisimlər tapılan şirkətlərdir.